Mətbuat konfransında erməni kikboksçu Marat Qriqoryanla döyüşmək arzusunda olduğunu söylədi

“One Championship” dünya qran prisinin qalibi və yüngül çəkidə mütləq çempion olan azərbaycanlı kikboksçusu Bakıda təşkil edilən mətbuat konfransında ermənistanlı idmançı Marat Qriqoryanla döyüşmək arzusunda olduğunu söyləyib. Allsport.az saytı xəbər verir ki, o, Vətəndə olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib: “Bakıda 3 dəfə olmuşam. Dörd il idi ki, məşqlərlə əlaqədar buraya gələ bilmirdim. Vətəndə olmağa hər zaman şadam. Döyüşdən əvvəl həm burada, həm də Belarusda mənə çox dəstək verdilər. Buna görə, xalqıma minnətdaram. Onların sayəsində dünya reytinqində bir nömrəyəm. İnkişaf etməliyik, qələbələrin davamı gəlməlidi”.

Çingiz Allazov bu idman növünün Azərbaycandakı hazırkı durumuna da münasibət bildirib: “Azərbaycanda peşəkar kikboks yox dərəcəsindədir. Bunun üçün peşəkar hazırlıq məkanları olmalıdı. Peşəkar kikboks dünyada çox inkişaf edib. Hazırda bu idman növünü milyonlar izləyir”.
Tanınmış idmançı Azərbaycan vətəndaşlığını almaq üçün müraciət edəcəyini bildirib.

“Best of the Best” qrupun prezidenti Elnur Məmmədov bu il yeni layihə həyata keçirəcəklərini söyləyib: “Azərbaycanı dünyada tanıdan idmançılarla birlikdə proyektimiz olacaq. “Legends of Azerbaijan” adlandırmağı düşünürük. Dünyada tanınan idmançıları bu layihədə cəmləşdirməyə çalışacayıq. Fikrimizcə maraqlı layihə olar. Çingiz Allazov, Xəyal Caniyev, Alim Nəbiyev digər tanınmış idmançılar üzvlərimizdi. Layihəyə qonaq qismində Badr Hari və Alistar Overimi də dəvət etmək barədə fikirləşəcəyik”.

Elnur Məmmədov da Azərbaycanda peşəkar kikboksun yaxşı vəziyyətdə olmadığını söyləyib: “Azərbaycanda bu idman növünə həvəskar səviyyədə yanaşılır, peşəkar kikboksinq yoxdur. Amma MMA növündə yaxşı idmançılarımız var. Çingizin uğurunu 100 il, 300 il ərzində heç kim edə bilməz. O, yüksək səviyyəli idmançıları elə döyüşlərlə məğlub etdi ki, bunu təkrarlamaq çətindir”.

Muay tay üzrə dünya və Avropa çempionu Xəyal Canıyev fevralın 4-də Rusiyada keçiriləcək RCC Fairfight MMA-dakı ilk döyüşündə Çexiya təmsilçisi Tadeus Rujiçka ilə üz-üzə gələcək. Döyüşçü Rusiya vətəndaşı olsa da, daim Azərbaycan bayrağı ilə gəzdiyini bildirib: “Yarışlarda həmişə Azərbaycan bayrağı yanımda olub. Azərbaycan vətəndaşlığını almaq istəyərdim. Bu mənim üçün qürur olar. İndi Ukrayna ilə olan məsələlərə görə Rusiya vətəndaşlığından çıxmaq məsələsi çətin görünür. Ancaq qarşıdakı yarışlarda rəsmən Azərbaycanı təmsil etmək istərdim”.

Xəyal Caniyev Həbib Nurməhəmmədov, Rafael Fiziyev və Tofiq Musayevin döyüşlərini bəyəndiyini bildirib.

Həmin kateqoriyadan