Mahir Məmmədov: Ölkəmizdə şahmatın inkişafında Heydər Əliyevin böyük xidmətləri olub

Azərbaycan şahmat ailəsi Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Allsport.az saytı xəbər verir ki, AŞF-in prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında ölkə şahmatının və şahmatçılarının inkişafında ümummilli liderin əvəzsiz rolununun olduğunu deyib: 

«Heydər Əliyevin məzarını ziyarət etmək hər bir şahmatçımızın mənəvi borcudur. Azərbaycanda zəngin tarixə malik olan şahmat ötən əsrin 70-ci illərində inkişaf etməyə başlayıb. Müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi bu idman növünə də xüsusi diqqət yetirildi. Ümummilli liderin təşəbbüsü ilə respublikada şahmat məktəbləri tikilməyə başladı. Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafında və bugünkü nailiyyətlərində, xüsusən də kişilərdən ibarət milli komandamızın üçqat Avropa çempionu adı daşımasında Heydər Əliyevin böyük xidmətləri olub. 

Heydər Əliyev hələ balaca yaşlarında şahmatçılarımızı qəbul edərək onların inkişafı üçün mühüm tapşırıqlarını verib. İndi həmin uşaqlar dünyanın sayılıb-seçilən yüksək reytinqli qrossmeysterlərinə çevrilib. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi  illər ərzində şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, bunun  sayəsində Azərbaycanın hər yerində  şahmat məktəbləri açılması yeni-yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb.Görülən işlərin nəticəsidir ki, bu gün respublikamızın adı şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasında çəkilir.

Azərbaycan şahmat məktəbinin yetirmələri istər uşaq və yeniyetmələr, istərsə də gənclər və böyüklər arasında bir çox mötəbər beynəlxalq yarışda, o cümlədən Avropa və dünya çempionatlarında, klublararası qitə birinciliklərində qalib və mükafatçılar sırasında yer tutur, fəxri kürsüdə təbrikləri qəbul edirlər. Onların qələbələri şərəfinə müxtəlif ölkələrdə Azərbaycan bayrağı yüksəklərə ucaldılır, dövlət himnimiz səsləndirilir. Ona görə Heydər Əliyevin şahmata qayğısı daim yaddaşımızda qalacaq.

Sevindirici haldır ki, əsası Heydər Əliyev tərəfindən qoyulan şahmata olan yüksək diqqət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onun sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi bu idman növünün inkifaşının yeni mərhələsi oldu».

Həmin kateqoriyadan