Mahir Məmmədov: Hazırda dünyada internet üzərindən şahmat yarışlarının keçirilməsi geniş yayılıb

İnternet üzərindən superblits üzrə ilk Azərbaycan kubokuna qeydiyyat sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, yarışda iştirak etmək üçün 100-ə yaxın şahmatçı qeydiyyatdan keçib. Layihənin təşəbbüskarı AŞF-in vitse-prezidenti Mahir Məmmədov bunu deyib:

“Koronavirus pandemiyasıyla əlaqədar hamı evdə qalmağa çalışır. Biz də özünüzün və ailənizin sağlamlığını qorumaq üçün məhdudiyyət tədbirlərinə riayət olunmasını xahiş edirik. Eyni zamanda evdə qalan şahmatçıları Azərbaycan kubokunda mübarizə aparmaq imkanı yaradırıq. Yəni evdə qal, amma şahmatdan qalma. Hazırda dünyada internet üzərindən şahmat yarışlarının keçirilməsi geniş yayılıb. Bir neçə saat davam edəcək yarışda rəqabətin olacağı sevindiricidi. Yığma üzvlərinin də iştirakı yarışa olan marağı daha da artıracaq. Şahmat həvəskarlarının internet vasitəsilə bütün oyunları canlı izləmək imkanı olacaq”.

Chess24.com portalı üzərindən keçiriləcək yarışa qeydiyyat 15 aprel saat 22-də başa çatacaq. Yarış aprelin 16-da saat 19-da start götürəcək. İsveçrə sistemi üzrə baş tutacaq turnir 17 turdan ibarət olacaq. İştirakçılara hər oyun üçün 1 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün 1 saniyə əlavə vaxt veriləcək. 

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edir. Qalib 3000 manat qazanacaq. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1000 azn əldə edəcək. 16 yaşadək olan və FİDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən dörd iştirakçı üçün mükafatlar nəzərdə tutulub.

Turnir “İdman” TV ilə canlı yayımlanacaq. Partiyaları əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev şərh edəcək.

Həmin kateqoriyadan