“Media” dünya qrossmeysterlərinə, Şəmkir RİH komandası isə ona qalib gəlib

Vüqar Həşimovun xatirəsinə “ShamkirChess-2017” superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb.  Şahmatçılardan ibarət kollektiv, “Synergy Group”, “Media” və Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandalar qalib adı uğrunda mübarizə aparıblar.

Püşkə əsasən ilk görüşdə şahmatçılar və media nümayəndələri qarşılaşıb. Matç bərabərliklə (3:3) başa çatdığından qalib penaltilərlə müəyyən edilib. Media komandası 11 metrlik zərbələrdə daha dəqiq olaraq adını finala yazdırıb.

Digər matçda isə Synergy Group və Şəmkir RİH qarşılaşıb. Qarşılaşmanı dölvlət qulluqçuları 5:2 hesabı ilə qalib başa vurub. Final oyununda “Media” və Şəmkir RİH qarşılaşıb. Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları 5:3 hesabı ilə qələbə qazanmaqla turnirin qalibi olub.

Şəmkir RİH komandası çempionatın təşkilatçıları tərəfindən kubokla mükafatlandırılıb. Qalibə mükafatı Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev təqdim edib.

Həmin kateqoriyadan