Milli paralimpiya komitəsində Yaponiyanın səfiri ilə görüş

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda 27 sentyabrdan başlayaraq, hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə məruz qaldığı deyilib. Azərbaycan ordusu düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın artıq bir hissəsini işğaldan azad edib.

Ermənistanın törətdiyi növbəti terror aktları, yaşayış ərazilərimizi atəşə tutması nəticəsində Azərbaycan tərəfindən mülki şəxslər həlak olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki obyekt və fərdi yaşayış evləri yararsız vəziyyətə düşüb. Bu akt Ermənistanın terror ölkəsi olduğunu bir daha sübut edir.

Azərbaycan tarixi torpaqlarımızın düşmənlərdən azad edilməsi, məcburi köçkünlərin ora qaytarılması uğrunda Böyük Vətən Müharibəsinə başladı. Bir sözlə, Azərbaycan haqq yolundadır, öz haqqını tələb edir, ədalətli müharibə aparır.

Sonra MPK prezidenti qonağa komitənin fəaliyyəti, əldə olunan nailiyyətlər barədə, 2021-ci ilin may ayında Bakıda keçiriləcək qran-pri və Tokio-2020 yay paralimpiya oyunlarına hazırlıq barədə məlumat verib. O, Azərbaycanda əlilliyi olan uşaqların idmana cəlb edilməsi üçün 2013-cü ildə ölkədə uşaq paralimpiya hərəkatının yaradıldığını da qeyd edib və bildirib ki, hər il bu hərəkatdan çıxan paralimpiyaçılar müxtəlif beynəlxalq yarışlarda uğurla ölkəmizi təmsil edirlər.

İlqar Rəhimov MPK-nın Yaponiya paralimpiya komitəsi ilə yaxından əməkdaşlıq etdiyini qeyd edib. Eyni zamanda, komitə prezidenti Azərbaycan paralimpiyaçılarının Tokio-2020 paralimpiadasına Yaponiyanın İşikava prefekturasının Şika şəhərində təşkil ediləcək “Host town” proqramı çərçivəsində hazırlaşacaqlarını bildirib, bununla əlaqədar cari ilin fevral ayının 24-də Şika şəhər meriyasında keçirilən görüş zamanı anlaşma memorandumunun imzalandığını vurğulayıb və yapon xalqına yaradılan şəraitə görə təşəkkürünü cənab səfirə çatdırıb.

Səfir Vada Cüniçi öz növbəsində, ölkəsinin paralimpiya və abilimpiya dəyərlərinə önəm verdiyini bildirib, paralimpiya komitəsi və Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən beynəlxalq abilimpiya federasiyası ilə əlaqələrin qurulmağını vacib hesab edərək müxtəlif sahələrdə sosial proqramlar çərçivəsində birgə iş qurulmasını dəstəklədiyini bildirib. Eyni zamanda, cənab səfir MPK ilə YPK arasında olan əməkdaşlığı yüksək qiymətləndirib.

Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Görüşdə MPK-nın baş katibi Kamal Məmmədov və MAF-in vitse-prezidenti Cavad Qasımov iştirak ediblər.

Həmin kateqoriyadan