Milli qəhrəmanı İlqar İsmayılovun xatirəsinə şahmat turniri

Milli qəhrəman, cüdo üzrə idman ustası İlqar İsmayılovun xatirəsinə şahmat turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarış Nərimanov rayon gənclər və idman idarəsinin və “Ağ top” şahmat klubunun birgə təşkilatçılığı ilə açıq havada olub.

Mübarizədə 48 nəfər iştirak edib. Yekun nəticələrə görə, oğlanlarda Rəvan Uğurov, qızlarda Xanım İsmayılova 1-ci yer tutublar. 12 yaşadək oğlanlarda Orxan Bağırov, qızlar arasında Nurtən Nuriyeva fərqləniblər. Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatı ilə təltif olunublar.

İlqar İsmayılov 1959-cu ildə Bakı şəhərində anadan olub. Bakının Nərimanov rayonundakı 45 saylı orta məktəbi 1976-cı ildə bitirdikdən sonra həmin il Azərbaycan dövlət bədən tərbiyəsi institutuna daxil olub, 1981-ci ildə ali təhsilini başa vurub. O, 1981-ci ildə hərbi xidmətə çağırılıb, 1983-cü ildə ordudan tərxis edilib.

Həmyerlimiz 1991-ci ilin dekabrından başlayaraq tez-tez döyüş bölgələrinə ezam olunur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda iştirak edirdi. Məhz onun qəhrəmanlığı və şücaəti sayəsində ermənilər tərəfində vuruşan bir neçə xarici ölkə vətəndaşı girov götürülüb. İlqar İsmayılov Şuşa rayonunun Malıbəyli, Meşəli kəndlərində, eləcə də Ağdam rayonu ərazilərində gedən döyüşlərdə böyük igidliklər göstərib. O, 1992-ci ildə xüsusi tapşırıqla Laçın rayonuna ezam olunub. Onun rəhbərliyi altında 128 nəfər döyüşçümüz Mazutlu kəndi yaxınlığındakı Qızartı yüksəkliyini erməni işğalçılarından təmizləyib.

Bacarıqlı komandir İlqar İsmayılov 1992-ci il oktyabrın 1-də Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Həmin kateqoriyadan