Mixail Sivakov: “Qarabağ”la oyunda əlavə köklənməyə ehtiyac yoxdur”

Topaz Premyer Liqasının fevralın 28-də keçiriləcək 24-cü turunda “Qəbələ” “Qarabağ”la qarşılaşaсaq. Allsport.az xəbər verir ki, ötən tur “Xəzər Lənkəran” üzərində əzmkar qələbə (3:1) qazanan “qırmızı-qaralar” səfər qarşılaşmasında da uğurlu nəticə qazanmaq iddiasındadır. “Qəbələ”nin belaruslu müdafiəçisi Mixail Sivakov qarşıdakı görüşlə bağlı fikirlərini klub saytı ilə bölüşüb:

“Çempionatın lideri ilə qarşılaşacağıq. Bu üzdən futbolçuların əlavə köklənməsinə ehtiyac yoxdur. “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsində çıxış etdiyi vaxtdan tanıyıram. Rəqibimizin “Dnepr”lə hər iki oyununu izləmişdim. Güclü komandaya qarşı oynayacağıq. Bizim üçün bu oyunda qələbə çox vacibdir. Nəzəri hazırlıq zamanı onların oyununu daha dərindən təhlil edib, güclü və zəif tərəflərini üzə çıxaracağıq. Ötən turda qalib gəlməyimiz yaxşı oldu. “Qarabağ”la görüşə yüksək əhval-ruhiyyədə hazırlaşırıq. Qazanılan hər qələbə təkcə hesabımıza xallar gətirmir, həm də özünəinamı artırır. Hesab edirəm ki, “Qarabağ”la oyunda nəticə qazanmaq gücümüzə görədir. Bunun üçün kollektiv oyun göstərməli, bir-birimiz üçün mübarizə aparıb, gücümüzü ortaya qoymalıyıq”.

Həmin kateqoriyadan