“Nakhchivan Open-2016”nın qalibi Şəhriyar Məmmədyarovu geridə qoyan Eltac Səfərli oldu

“Nakhchivan Open-2016”da Eltac Səfərli final turlarında uğurla oynayaraq yarışın qalibi olub. Allsport.az saytı xəbər verir ki, əsas turnirdə 48 şahmatçı çıxış edib. Dünən doğum gününü qeyd etmiş qrossmeyster Eltac Səfərli “A” turnirində 9 mümkün xaldan 7 xal toplayaraq qalib gəlib. Yarışın reytinq-favoriti Şəhriyar Məmmədyarov eyni sayda xal toplasa da, 2-ci yerlə kifayətlənməli olub.

Ukraynalı qrossmeyster Yuri Kuzubov, Azərbaycan nümayəndələri Azər Mirzəyev və Nail Bəşirli, rusiyalı Yevgeni Alekseyev, ukraynalı Sergey Pavlov və Hollandiya təmsilçisi Sergey Tivyakov liderdən yarım xal geri qalıblar.

“B” turnirinin qalibi Vüsal Abbasov, “C” turnirinin qalibi isə Fərid Orucovdur. Əsas turnirin birinci mükafatının məbləği 7500 dollar olub. 300-dən çox şahmatçının iştirak etdiyi “Nakhchivan Open-2016” festivalı İsveçrə sistemi üzrə doqquz turdan ibarət olmaqla üç qrupda (A, B, C) keçirilib.

Festivalda yerli şahmatçılarla bərabər Belçika, Gürcüstan, Almaniya, İran, Monqolustan, Niderland, Rusiya, Türkiyə və Ukrayna nümayəndələri də iştirak edirdi.

Həmin kateqoriyadan