Nanсin olimpiadasının fərqlənən güləşçilər mükafatlandırıldı

Azərbaycan Güləş Federasiyasında Nanсində keçirilmiş yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil edən güləşçilərin mükafatlandırması olub. Allsport.az saytı xəbər verir ki,  tədbirdə çıxış edən AGF-in baş katibi Əjdər Cəfərov idmançıları və milli komandanın məşqçilərini təbrik edib, qarşıdakı yarışlarda da əldə olunan bu uğuru davam etdirmələrini arzulayıb:

“Bu qələbədən başgicəllənməsi olmamalıdır. Çalışmalısınız ki, yeni qələbələr qazanaraq xalqımızı, güləş ictimaiyyətini sevindirəsiniz. Sizin hazırlığınız və inkişafınız üçün ölkəmizdə dövlət səviyyəsində mühüm işlər görülür. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, idmanla və idmançılarla şəxsən maraqlanır, onların həm hazırlığı, həm də sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müvafiq göstərişlər verir. Olimpiya Oyunlarından sonra keçirilmiş görüşdə də siz özünüz bunun əyani şahidi oldunuz.

Federasiya prezidenti Fazil Məmmədov və 1-ci vitse-prezident Namiq Əliyevin adından hər birinizi təbrik edirəm. Bildiyiniz kimi, federasiya rəhbərliyi tərəfindən sizə göstərilən diqqət və qayğı yüksək səviyyədə, etimad isə tamdır. Sizdən tələb olunan isə, yalnız məşq etmək, hazırlaşmaq, qazandığınız bu uğurları gələcəkdə də davam etdirməkdir”.

Sonra qaliblərə AGF tərəfindən pul mükafatları təqdim edilib.

Xatırladaq ki, yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları 25-27 avqust tarixlərində keçirilib. 5 iştirakçı ilə təmsil olunan güləş yığmamız 3 qızıl və 2 gümüş medala sahib olub. Qızıl medalları yığmamıza sərbəst güləşçilər Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), yunan-Roma güləşçisi İslambek Dadov (69 kq) qazandırıb. Gümüş medallara isə, qadın güləşçimiz Leyla Qurbanova (52 kq) və yunan-Roma güləşçisi Cabbar Nəcəfov (50 kq) yiyələnib.

Həmin kateqoriyadan