“Olimpiadada son turda gürcüləri yensəydik, çempion da olardıq”

Çex respublikası paytaxtı Praqada şəxsi Avropa çempionatında bürünc medal qazanan Ülviyyə Fətəliyeva Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, şahmatçını Heydər Əliyev beynəlxalq aeroportunda uğurunu belə şərh edib:

“Avropa çempionatına qələbə üçün yollanmışdım. Hər zaman məqsədimiz 1-ci olmaqdı. Fikrimcə, qadın şahmatçılarımız Hindistandakı olimpiada da yaxşı çıxış etdi. Olimpiadada son turda gürcüləri yensəydik, çempion da olardıq. Biz mart ayından etibarən olimpiadanın hazırlıqlarına başlamışdıq. İntensiv təlim-məşq toplanışları nəticəsini göstərdi. Tarixdə bir ilkə imza atmağımız olduqca fərəhlidir.

Medal qazandığıma görə çox şadam. Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq isə xüsusilə sevindirici oldu. Uğurumuz gərgin məşqlərin nəticəsidir.
Ən çətin görüşüm qızıl medalçı Soçko ilə doqquzuncu tura təsadüf edirdi. Ağ fiqurlarla oynamağımdan istifadə etməyə çalışdım, amma alınmadı. Əslində yaxşı üstünlük əldə etmişdim. Vaxt azlığında bir neçə səhv buraxaraq çətin vəziyyətə düşdüm. Hər halda oyunda heç-heçəyə nail oldum”.

Qeyd edək ki, Avropa çempionatında Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal əldə edib.

Həmin kateqoriyadan