Olimpiya və dünya çempionları taekvondo üzrə dünya çempionatının tanıtım çarxında

Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının 2-ci tanıtım çarxı yayımlanıb. Allsport.az saytı xəbər verir ki, video görüntüdə Namiq Abdullayev, Zemfira Meftəhəddinova, Nazim Hüseynov, Fərid Mansurov, Rafael Ağayev, Niyaməddin Paşayev, Ağası Məmmədov, Mehdi Budaqlı kimi bir sıra idman növlərinin olimpiya və dünya çempionları iştirak edib. Onlar çempionatda iştirak edəcək idmançılarımızı ruhlandıracaq fikirlər səsləndirərək dəstəklərini nümayiş etdiriblər.

Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya taekvondo federasiyasının 50 illiyinə təsadüf edəcək. Dünyanın ən güclü taekvondoçuları burada 16 çəki dərəcəsində mübarizə aparacaq. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, bu dəfəki çempionatın əlamətdarlığı ilə də fərqlənəcək. Yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. 2 minədək qonağın gəlməsi gözlənilən yarışa 146 ölkədən ümumilikdə 1000-ə qədər idmançı qeydiyyatdan keçib.

Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz
mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub.

7 gün davam edəcək mötəbər yarış “Büllur” sarayda baş tutacaq.

Həmin kateqoriyadan