Ölkə başçısı Kirsan İlümjinovu qəbul edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib. Allsport.az saytı xəbər verir ki, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess 2017” superturnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov bildirdi ki, bu cür mötəbər turnirin keçirilməsi həm Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfəsini verir və həm də regional turizmin inkişaf etdirilməsi baxımından önəmlidir. O, dünyada xeyli sayda insanın bu tədbirə böyük maraq göstərdiyini dedi.

“Shamkir Chess 2017” superturnirin əhəmiyyətinə toxunan dövlətimizin başçısı onun artıq ənənəvi bir tədbirə çevrildiyini, şəxsən Kirsan İlümjinovun və dünyanın aparıcı şahmatçılarının bu turnirdə iştirakını tədbirin səviyyəsinin daha da yüksəlməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev bu cür mötəbər beynəlxalq tədbirlərin təkcə Bakıda deyil, Azərbaycanın regionlarında da keçirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı ümumilikdə Azərbaycanın regionlarının inkişaf etdirilməsi və lazımi infrastrukturun yaradılması baxımından ölkəmizdə böyük işlərin görüldüyünü vurğuladı.

Söhbət zamanı Azərbaycanda dövlət səviyyəsində idmana böyük qayğı göstərildiyi bildirildi və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Həmin kateqoriyadan