Ölkə başçısı yeniyetmələrin olimpiadasında fərqlənən idmançılarımızı mükafatlandırdı

Ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, Buenos Ayresdə-2018 yeniyetmələrin 3-cü yay olimpiya oyunlarında 1-ci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat məbləğində mükafat veriləcək. 2-ci pillənin sahibinə və məşqçiyə müvafiq olaraq, 30 min və 15 min manat mükafat nəzərdə tutulub. 3-cü sırada qərarlaşan 20 min, onun məşqçisi isə 10 min manat alacaq.

Bundan başqa, milli olimpiya komitəsi prezidentinin sərəncamına əsasən, bu oyunlarda yüksək nəticələrə görə MOK-un mükafatlarının məbləği də müəyyənləşib. Belə ki, 1-ci yeri tutan 25 min manat, onun məşqçisinə 12,5 min manat mükafat veriləcək. 2-ci pilləyə çıxan idmançı 15 min manat, onun məşqçisi 7,5 min, 3-cü mövqeni tutan hər bir yeniyetmə 10 min manat, onun məşqçisinə isə 5 min manat mükafat nəzərdə tutulub.

Hər iki sərəncama əsasən, komandanın baş məşqçisi idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafatlandırılacaq.

Həmin kateqoriyadan