Paralimpiya komitəsində mükafatlandırma

İyunun 18-də “Azərbaycan Respublikası müyəssərliyin qiymətləndirilməsi mərkəzi” məhdud məsuliyyət cəmiyyətinin (MQM MMC) ekspertləri təltif olunublar. Allsport.az xəbər verir ki, Azərbaycan milli paralimpiya komitəsində (AMPK) videokonfrans formatında keçirilən iclasda komitənin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, Rusiya ərazilərin ekoloji-sosial və innovativ inkişafı üzrə milli mərkəzinin rəhbəri Dmitri Petrakov və MQM MMC-nin ekspertləri iştirak ediblər.

Görüşdə İlqar Rəhimov ekspertlərə keçdiyi təlimlərə görə Dmitri Petrakova təşəkkür edib və müyəssərliklə bağlı işlərin vacibliyini vurğulayıb.

Komitənin baş katibi Kamal Məmmədov, Dmitri Petrakov və MQM MMC-nin rəhbəri Elçin Əsədov çıxışlarında qarşıda duran vəzifələrdən danışıblar.

Sonda kursların qiymətləndirmə imtahanlarını müvəffəqiyyətlə başa vurmuş 6 ekspertə beynəlxalq sertifikatlar təqdim edilib.

Sertifikatla təltif olunmuş ekspertlərin iştirak etdikləri təlimlər mövcud və tikilməkdə olan obyektlərdə əlilliyi olan şəxslər üçün müyəssərliyin təmini məsələsini əhatə edib. Əlilliyi olan şəxslər üçün əngəlsiz ətraf mühitin yaradılması istiqamətində keçirilmiş təlimlərin iştirakçılarına müyəssərlik ilə bağlı mövcud standartlar və dünyada qəbul olunmuş normalar haqqında məlumat verilib.

Həmin kateqoriyadan