“Qəbələ” son məğlubiyyəti U-19 üzərindəki darmadağınla unutdurdu

“Qəbələ” növbəti yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, Roman Qriqorçukun komandası klubun U-19 kollektivini sınağa çəkib.

Topaz Premyer Liqasının 22-ci turundan bir gün sonra baş tutan matçda “Neftçi” ilə görüşdə iştirak etməyənlər, həmin qarşılaşmanın sonlarında meydana daxil olanlar – Ruslan Fomin, Sadiq Quliyev, həmçinin iki yeni futbolçu qüvvəsini sınayıb.

“Qırmızı-qaralar” bu oyuna aşağıdakı heyətlə çıxıb: Dmitri Bezotosnı, Rikardinyo, Sadiq Quliyev, Pavol Farkaş, Ürfan Abbasov, Tellur Mütəllimov, Aleksandru Benqa, Qismət Alıyev, Ruslan Tağızadə, Ruslan Fomin, Sebai Senin.

Ötən gün “Qəbələ” ilə müqavilə imzalayan braziliyalı Rikardinyo müdafiənin solunda yer alıb. Baxışa dəvət edilən Fil Dişi Sahilindən olan Sebai Senin isə hücumun sivri ucunda sınanıb. Oyunun gedişində Cavidan Hüseynzadə və Ehtiram Şahverdiyev də meydana daxil olub.

Əsas komandanın üstünlüyü ilə keçən qarşılaşmada “böyüklər” 3:0 hesablı qələbə qazanıb. U-19-un qapısına vurulan qollardan ikisinə Fomin imza atıb. Ukraynalı ilə yanaşı, digər hücumçu – baxışda olan Sebai də fərqlənib. O, yoxlama oyununda 1 qol vurub.

Qeyd edək ki, “qırmızı-qaralar” Premyer Liqada növbəti oyununu fevralın 19-da öz meydanında “Xəzər Lənkəran”a qarşı keçirəcək.

Həmin kateqoriyadan