Qədir Hüseynov: “Dünya Kubokunda ilk dəfədir 2 mərhələ keçirəm”

Bakıda keçirilən Dünya Kubokunun 1/32 final mərhələsində Çex şahmatçı David Navaraya qalib gələrək növbəti mərhələyə adlayan Qədir Hüseynov, qələbə təəssuratını bölüşüb. Allsport.az saytı xəbər verir ki, qrossmeyster, öncə Navaraya qarşı keçirdiyi ikinci partiyadan söz açıb: “Dünənki oyundan sonra hesabda öndə idim. Amma mənim strategiyam bu turnirdə hər oyunda qələbə qazanmaqdı. Bu gün də qalib gələ bilərdim. Rəqibdən fərqli olaraq, məndə həyəcan yox idi. Çünki bilirdim ki, ən pis halda tay-brekim var”.

Şahmatçımız növbəti mərhələdə Liren Dinq (Çin) – Ernesto İnarkiyev (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bunla bağlı Qədir Hüseynov deyib: “Liren Dinq ilk oyunda qalib gəlib. O, Çinin bir nömrəsi, üstəlik dünyada 7-8-ci şahmatçıdı. İtiriləsi heç nə yoxdu, mübarizə aparıb nəticəni fikirləşmək lazımdı. Əvvəlki mərhələdə rəqiblərim də məndən reytinq baxımından üstün idilər. Amma rəqiblə mübarizə aparmaq lazımdı. Çəkinsən, o özünü rahat hiss edəcək”.

O qeyd edib ki, karyerasında ilk dəfədir ki, dünya kubokunda 2 mərhələ adlamağa müvəffəq olub: “Bu yarışa ciddi hazırlaşmışam. Təbii ki, həyəcan var. Amma komanda yarışlarında həyəcan daha çox olur. Mənə verdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına minnətdarlıq etmək istərdim. Bu, karyeramdakı 3-cü Dünya Kubokudu. İlk dəfə çıxış edəndə birinci mərhələni adlaya bilmişdim. Növbəti yarışda Vesli Souya tay-brekdə uduzdum. Birinci dəfədir ki, iki mərhələ keçirəm. Bununla kifayətlənmək fikrim yoxdur. Çalışacağam ki, daha da irəliləyim”.

Sabah istirahət edəcək şahmatçımız vaxtının müəyyən hissəsini ailəsi ilə birgə keçirmək istədiyini vurğulayıb: “Oğlumu görmək istəyirəm. Artıq 3 gündür ki, onu görmürəm və çox darıxmışam. Sabah ailəmim yanında olmaq istəyirəm. Həmçının də 1/16 finala ciddi hazırlaşmalıyam. Ata olduqdan sonra məsuliyyətim daha da artıb. Müəyyən problemlər var. Onları yoluna qoyduqdan sonra daha yaxşı çıxış edəcəyəm”.

Həmin kateqoriyadan