Qədir Hüseynov: “Qələbəyə aparan gedişi görməmək çox ağır idi”

Bakıda şahmatçıların Dünya Kuboku davam edir. Allsport.saytı xəbər verir ki, təmsilçimiz Qədir Hüseynov bir oyun qalib gəlib, digər oyunda məğlub olduğu Maksim Matlakovu tay-brekdə hər 2 görüşdə məğlub edərək, növbəti mərhələyə adlayıb.

Rusiya şahmatçısını mübarizədən kənarlaşdıran qrossmeysterimiz fikrini yarışın mətbuat xidmətiylə bölüşüb: “İlk görüşdə ağ fiqurlarla oynayırdım. Debütdən sonra rəqibin vəziyyəti daha yaxşı idi. 20-ci gedişdən sonra hər ikimizin vaxtı az idi. Bu zaman daha yaxşı oynayaraq 40-cı gedişdən sonra üstünlük qazandım. Yekunda üstünlüyümü xala çevirdim, qələbə qazandım. İkinci görüşdə inanılmaz vəziyyətdə uduzdum. Maqnus Karlsen və ya dünya yığması gəlsin, həmin vəziyyətdən çıxmaq inandırıcı görünmürdü. Kompyuter – 11 göstərirdi.

Halbuki artıq -2 göstərəndə təslim olmaq düzgün qərar hesab edilir. Qələbəyə aparan gedişi görmədim, bu çox ağır idi. Sonda uduzdum. Həmin məğlubiyyətdən sonra inanmırdım ki, özümə gələcəm. Düzünü desəm, hazırda da sevincim tam deyil. İkinci görüşdəki məğlubiyyəti qəbul etmək mümkün deyil. Qalib gəlsəydim reytinqimə da təsir edəcəkdi. Üstəlik istirahət günü dincəlmək imkanım olacaqdı.

Tay-brekə heç hazırlaşmadım. Həyəcan itmişdi, amma uğur qazanmaq istəyirdim. Tay-brekin ilk görüşündə rahat oynadım və qalib gəldim. İkinci görüşdə heç-heçə lazım idi, amma hücum etdim və yenə qələbə qazandım”.

Qədir Hüseynov növbəti rəqibi turnirin reytinqə görə 22-ci şahmatçısı David Navarayla görüş haqda bunları dedi: “Kifayət qədər güclü şahmatçıdır. Şahmat aləmi onu centelmen şahmatçı kimi tanıyır. Reytinqə görə dünya sıralamasında ilk 20-yə yaxın mövqedə qərarlaşıb. Sözsüz asan rəqib yoxdur. Sona qədər mübarizə aparmaq vacibdir. Əsas odur ki, öz şansını buraxmayasan. Özünə inanmalısan”.

Həmin kateqoriyadan