Qadın şahmatçılarımızı o hazırlaşdıracaq

Belarus şahmatçısı Mixail Şereşevski Bakıda səfərdədir. Allsport.az saytı xəbər verir ki, tanınmış məşqçi bir müddət gənc və yeniyetmələr, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq. AŞF yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığma komandanın hazırlıq səviyyəsini artırmaq üçün onun təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib. Hazırlıq şahmatçıların fərdi inkişafına uyğun xüsusi proqramla keçiriləcək.

MDB məkanında tanınan məşqçi olan Mixail Şereşevski 1950-ci ildə Minskdə anadan olub. Karyerası ərzində Belarus çempionatının mükafatçısı olub, dəfələrlə ölkəsində milli komandaya cəlb olunub. Onun yetirmələri arasında İlahə Qədimova, Aleksey Aleksandrov, Yelena Zayats kimi şahmatçılar var.

Onun şahmatla bağlı yazdığı “Endşpilin strategiyası”, “Endşpilin cizgiləri”, “Gənclərlə endşpilə doğru” adlı kitabları şahmat aləmində böyük populyarlıq qazanıb. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, sabiq dünya çempionu Vladimir Kramnik, şahmat tacı uğrunda görüşdə iştirak edən Boris Gelfand kimi şahmatçılar Mixail Şereşevskinin kitablarını yüksək qiymətləndirib, gənc nəsil üçün misilsiz təhlil adlandırıb. Son illər Mixail Şereşevski sabiq dünya çempionu Vladimir Kramnikin Soçidə yerləşən “Sirius” şahmat məktəbində böyük məşqçi kimi fəaliyyət göstərir.

Həmin kateqoriyadan