- Baxış sayı: 38
- 07 Noyabr 2024 19:01
- Baxış sayı: 84
- Noyabr 08, 2024
- 0
Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılarımız Qəbələdə ilk təlim-məşq toplanışını başa vurublar. Allsport.az saytı xəbər verir ki, milli üzvləri hazırlıq barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlama veriblər:
Şəhriyar Məmmədyarov: “Təlim-məşq toplanışını yüksək qiymətləndirirəm. Yığma üzvlərinin birgə hazırlıq keçməsi müsbət haldır. Bildiklərimizi bir-birimizlə bölüşürük. Rəqiblər haqda müzakirələr aparırıq, debütlər barədə danışırıq. Fikrimcə hazırlığın milliyə çox böyük faydası olacaq. Milli komandanın üzvləri il ərzində xaricdə çoxlu sayda beynəlxalq turnirlərdə iştirak edir. Ona görə ünsiyyətimiz az olur. Hər bir şahmatçı Bakı Şahmat Olimpiadasının məsuliyyətini dərk edir. Gözəl məkanda hazırlıq keçdik. Hətta idmanla məşğul olmağa da vaxtımız oldu. İnanıram ki, zəhmətimiz bəhrəsini verəcək. Əsas məqsəd millinin Bakı Şahmat Olimpiadasına hazır olmasıdır. Yığma üzvləri böyük həvəslə yarışa hazırlaşır. Doğma paytaxtımızda bizə inanan insanların ümidini doğrultmaq istəyirik”.
Teymur Rəcəbov: “Bakı Şahmat Olimpiadası Azərbaycanda keçirilən ən böyük idman yarışlarından biridir. İdman ölkəsi kimi tanınan Azərbaycan sentyabrda şahmat dünyasının diqqətində olacaq. 42-ci Ümumdünya Şahmat Olimpiadası həm də gənc nəslin şahmata olan marağını artıracaq. İlk hazırlıq mərhələsi yaxşı keçdi. Mötəbər yarışın yüksək səviyyədə keçiriləcəyinə şübhə yoxdur. Şahmatçı kimi biz millimizin layiqli çıxış etməsi üçün çalışacayıq”.
Arkadi Naydiç: “Milli üzvləri üçün ideal şərait yaradılıb. Qəbələdəki hazırlıq komandamıza çox faydalı oldu. Açılışlar, debüt və müxtəlif kombinasiyaları müzakirə etdik. Əsas komandaya böyük ümid bəsləndiyini bilirik. Məhz buna görə olimpiadaya ciddi hazırlıq gedir. Bakı Şahmat Olimpiadasında bizi güclü rəqabət gözləyir. Şahmatçılar buna hazır olmalıdır”.
Eltac Səfərli: “Qəbələdə ilk hazırlıq başa çatdı. Məşqdən çox razı qaldım. Həm məşq, həm də idmanla məşğul olmaq üçün gözəl şərait yaradılmışdı. Qarşıda bizi daha iki hazırlıq gözləyir. Fikrimcə avqustun sonuna yaxın yığma Bakı Şahmat Olimpiadasına tam hazır olacaq”.
Rauf Məmmədov: “Hazırlıq planına əsasən üç təlim-məşqimiz olacaq. İlk belə hazırlıq Qəbələdə keçdi. Etyen Bakronun rəhbərliyi altında debütlər, açılışlar və müxtəlif gedişləri müzakirə etdik. Bakı Şahmat Olimpiadası əvvəlki yarışlardan rəqabətə görə fərqlənəcək. Doğma şəhərimizdə çıxış etdiyimiz üçün məsuliyyət daha çoxdur. Layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik”.