Rəşad Sadiqovun yeni klubu müəyyənləşdi

“Xəzər Lənkəran”dan ayrılan Rəşad Sadiqovun yeni klubu məlum olub. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının da şərəfini qoruyan yarımmüdafiəçi “Qəbələ”yə keçib.

31 futbolçu ilə 6 aylıq müqavilə imzalanıb. Cari mövsümün sonunda isə tərəflərin işbirliyi uğurlu alınsa, müqavilənin müddəti artırıla bilər.

Qeyd edək ki, Sadiqov bu ilin iyun ayında “Neftçi”dən “Xəzər Lənkəran”a transfer olunsa da, cənub klubu bir neçə gün öncə əksər aparıcı futbolçuları kimi, Rəşadı da heyətdən kənarlaşdırmışdı.

Bu arada “Qəbələ”nin bir neçə futbolçunu komandadan uzaqlaşdırmaq istədiyi müəyyənləşib. Belə ki, yeni baş məşqçi Roman Qriqorçuk Yazalde Pinto, Aleksandru Benqa və Andrey Kristya kimi heyətə düşə bilməyən, amma yüksək maaş alan futbolçuların qovulmasını tələb edib. Onların hamısının klubla müqaviləsi olsa da, “Qəbələ” rəhbərliyi qarşılıqlı razılıq əsasında onlarla yolları ayırmağa məcburdu. Çünki Qriqorçuk onları “Çernomorets”də rəhbərliyi altında oynamış futbolçularla əvəzləməyə hazırlaşır.

Həmin kateqoriyadan