Rauf Məmmədov 2-cidir

Bakıda qitə çempionu Vüqar Həşimovun xatirəsinə VIII beynəlxalq superturnirin 2-ci gününə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 2-ci oyun günündə növbəti 3 turun partiyaları keçirilib. 4-cü turda Azərbaycan təmsilçilərindən Rauf Məmmədov ispaniyalı Valeho Pons, Şəhriyar Məmmədyarov Rumıniya idmançısı Riçard Rapport, Abdulla Qədimbəyli isə özbəkistanlı Nodirbek Abdusattorov ilə heç-heçə ediblər. Millimizin üzvü Aydın Süleymanlı Hindistan idmançısı Qukeş Dommaracuya, ABŞ təmsilçisi Semuel Şenklend isə çinli Van Haoya uduzub.

5-ci turda yeganə qələbəni R.Məmmədov qazanıb. Təmsilçimiz S.Şenklendi məğlub edib. A.Süleymanlı V.Pons, N.Abdusattorov V.Hao, A.Qədimbəyli R.Rapport, Ş.Məmmədyarov isə Q.Dommaracu ilə sülhə razılaşıb.

Günün sonuncu turunda N.Abdusattorov və A.Qədimbəyli partiyalarını qələbə ilə başa vurublar. Özbəkistan təmsilçisi S.Şenklenddən, millimizin üzvü isə Q.Dommaracudan üstün olublar. Ş.Məmmədyarov V.Pons, R.Məmmədov A.Süleymanlı, V.Hao isə R.Rapportla heç-heçə edib.

Hesabında 10 xal olan N.Abdusattorov turnir cədvəlində liderliyini davam etdirir. R.Məmmədov 9 xalla ikinci, V.Hao 8 xalla üçüncü, V.Pons isə 7 xalla dördüncüdür. R.Rapport, Ş.Məmmədyarov, A.Qədimbəyli və Q.Dommaracu 5 xalla 5-8-ci yerləri bölüşürlər. S.Şenklend 4 xalla doqquzuncu, A.Süleymanlı isə 2 xalla sonuncudur.

Dekabrın 20-də növbəti 3 turun oyunları keçiriləcək.

Həmin kateqoriyadan