Roman Qriqorçuk: “Qəbələ” ilə iddialarımız üst-üstə düşür”

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Artıq “Qəbələ” ilə müqavilə bağlamısınız?
– Bəli. İlyarımlıq müqavilə imzaladıq.

– Azərbaycan klubunu seçməyinizə nə səbəb oldu?
– Bu, mənə maraqlı gəldi. “Qəbələ” rəhbərliyi ilə görüşdən sonra başa düşdüm ki, bunlar ciddi və iddialı insanlardır. Böyük uğurlar qazanmaq istəyirlər. Bu yolda çoxlu işlər görüblər və indi də davam edirlər. Bu şəxslərlə söhbətdən sonra məndə çox yaxşı təəssürat yarandı. Məhz bu görüşdən sonra seçimimi “Qəbələ”nin lehinə etməli oldum.

– Təklif üzərində çox düşündünüz?
– Bizim hələ yayda da əlaqəmiz olmuşdu. Ona görə də münasibətimiz yaxşı idi. Bu dəfə isə təklif gələndə Azərbaycana getməyə, yerində danışıb, şəraitlə tanış olmağa qərar verdim.

– Köməkçiləriniz kimlər olacaq?
– “Çernomorets”dəki məşqçilər heyəti tam olaraq Azərbaycana gələcək.

– Hansı mövqeləri gücləndirmək istəyirsiz? Artıq konkret adlar var?
– Güclənmək hər bir komandaya lazımdır. Konkret mövqelər və adlar açıqlamaq istəmirəm. Çünki dekabrın 21-də “Qəbələ”nin daha bir çempionat oyunu var.

– “Çernomorets”dən kimisə “Qəbələ”yə aparmaq istəyərdiniz?
– Bəli. Düzünü demək lazımdırsa, bu komandadan “Qəbələ”yə gətirmək istədiyim oyunçular var.

– Ukraynanın digər klublarından da təkliflər vardı?
– Artıq bütün bunlar geridə qalıb. Ona görə də bu barədə danışmaqda məna görmürəm.

– “Qəbələ”nin qarşısında hansı hədəflər durur?
– Əlbəttə, komanda liderlər qrupunda olmaq və mütləq avrokuboklarda oynamaq istəyir. Bütün bunlar mənim də iddialarımla üst-üstə düşür. Əlimdən gələn hər şeyi etmək istəyirəm ki, yüksək səviyyəyə qalxaq, avrokuboklarda uğur qazanaq, hədəflərimizi daha da yüksəldək.

Həmin kateqoriyadan