Şəhriyar Məmmədyarov mübarizəyə başlayır

Bu gün Buxarestdə şahmatın rapid və blitz növləri üzrə “Grand Chess Tour 2019” seriyasının növbəti mərhələsi start götürəcək. Allsport.az verir ki, ölkəmizi nüfuzlu turnirdə Şəhriyar Məmmədyarov təmsil edəcək. 34 yaşlı qrossmeysterin birinci rəqibi vyetnamlı Le Kuanq Lyom olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Turnirdə rusiyalı şahmatçılar – Vladislav Artyomov, Sergey Karyakin, amerikalı Fabiano Karuana, Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, vyetnamlı Le Kyanq Liem, ukraynalı Anton Korobov, ermənistanlı Levon Aronyan mübarizə aparacaq.

Noyabrın 6-8-də rapid, 9-10-da isə blitz turnirləri keçiriləcək. Yarışın mükafat fondu 150 min ABŞ dollarıdır.

“Grand Chess Tour 2019″un birinci mərhələsi Fil Dişi Sahilinin paytaxtı Abican şəhərində keçirilib. Sonrakı yarışlar iyunun 24-dən iyulun 9-dək Zaqreb, iyulun 26-dan avqustun 2-dək Paris, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luisdə keçirilib. Turnirin növbəti mərhələsi isə bu ayın 20-dən 27-dək Kəlkətə şəhərində baş tutacaq. Yarışın final seriyası noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.

Həmin kateqoriyadan