Şəhriyar Məmmədyarov: “Statusumu doğrultmalıyam”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsinin cavab görüşləri keçirilib. Allsport.az xəbər verir ki, ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov qadınlar arasında dünya çempionu Xou Yifanla növbəti dəfə heç-heçə oynayıb.

O, partiya haqda bunları deyib: “Bu gün qələbə qazanmaq istəyirdim. Oyunun əvvəlində üstünlük qazandım və hücum qurmağa çalışdım. Üstünlüyü hiss edirdim və buna görə sona qədər təzyiq göstərməyə çalışdım. Sadəcə, risk etməkdən imtina etdim. Reqlament elədir ki, risk özünü doğrultmaya bilər. Bu mənada risk etsəydim, nəticə fərqli də ola bilərdi. Risk etməyərək tay-brekə razılaşdım. Xou Yifan çox yaxşı oynadı. Kişi şahmatçılar kimi əzmkarlıq göstərdi. Bir çox kişi qrossmeysterlərə başağrısı olub. Ona görə onu ciddi rəqib kimi qəbul etmək lazımdır”.

Şəhriyar Məmmədyarovla Xou Yifan arasında hər iki görüş heç-heçə başa çatdığı üçün qalib tay-brekdə müəyyənləşəcək. Məmmədyarov tay-brekdə qələbə qazanmağa çalışacağını söyləyib: “Sürətli şahmatda bir qədər fərqlidir. Cəld olmaq və tez fikirləşmək lazımdır. Sürətli şahmat üzrə dünya çempionuyam. Buna görə statusumu doğrultmalıyam. Sözsüz, istəməzdim hər şey tay-brekə qalsın. Belədə istirahət qazanacaqdım. Bununla belə həlledici görüşdə məsələni həll etməliyəm”.

Həmin kateqoriyadan