Şəhriyar Məmmədyarov: “Qarabağ”a İtaliyada çətin olacaq

Bakıda keçirilən qran-pri turnirinin ilk turunda azərbaycanlı şahmatçılar Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov heç-heçə ediblər. Allsport.az saytı xəbər verir, hər iki qrossmeyster mətbuat konfransında bu gün Avroliqada “İnter”in qonağı olacaq Azərbaycan çempionu “Qarabağ”ın oyunu haqda danışıb.

Teymur Rəcəbov gələcəkdə futbol üzrə Azərbaycan millisinin də güclü nəticələr qazanacağını deyib: “Biz hər zaman idmançılarımızla təmasdayıq. Azərbaycan bayrağını yüksəldən hər bir idmançımızla fəxr edirik. Futbol klublarımızın uğuru gələcəkdə millimizi də gücləndirəcək. 10 il əvvəl kim deyərdi ki, şahmatçılardan ibarət Azərbaycan millisi iki dəfə Avropa çempionu olacaq. Klublarımızın uğuru gələcəkdə milliyə də təsir edəcək”.

Məmmədyarov, ön növbəsində, “İnter” – “Qarabağ” oyununa baxmağa çalışacağını deyib: “Azərbaycan çempionunun son nəticələri bizi sevindirir. Avrokuboklarda bütün oyunları izləyirəm. Hər bir klubumuza dəstək oluram. İtaliyada oyun çətin olacaq. “Neftçi” o vaxt 2:2 oynayanda son görüş olduğu üçün rəqibdə motivasiya az idi. Bu dəfə əsas futbolçular mübarizə aparacaq. Qoy komandamız istədiyimiz kimi oynasın, nəticəni biz başa düşərik. Axşam çalışacam ki, həmin oyuna televizorla baxım”.

Həmin kateqoriyadan