“Şah” növbəti rəqibi barədə: İstər Andreykin, istərsə Karyakin, hər ikisi güclü şahmatçıdır

Bakıda keçirilən şahmatçıların Dünya Kubokunda 1\4 finala vəsiqə qazanan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin mətbuat xidmətinə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, ABŞ təmsilçisi Fabiano Karuanayla görüşə yaxşı hazırlaşdığını bildirib: “Debütə yaxşı hazırlaşmışdım, bilirdim ki, Karuana ağ fiqurlarla mümkün qədər çox təzyiq etməyə çalışacaq. Ona görə də təxmini gedişləri bilirdim, sadəcə rəqibin debütdən çıxmağını gözlədim.

Bir neçə yaxşı ideyam var idi, ancaq “ağlar” rahat oynamağa başlayandan sonra bir yerdə yüngülcə səhv etdim. Kubok oyununun xarakteristikasına uyğun olaraq mənə heç-heçə də kifayət edirdi. Karuana dünyanın ən güclü şahmatçılarından biridir. Ona görə nəticəyə oynamaq başadüşüləndi. Uzun müddət Karuana dünyanın reytinqə görə ikinci şahmatçısı olub. Bəlkə də o mənimlə oyunda bütün bacarığını göstərə bilmədi”.

Şəhriyar Məmmədyarov Karuananın 2-ci turda digər azərbaycanlı şahmatçı Rauf Məmmədovu yarışdan kənarlaşdırması və matçın revanş xarakterli olub-olması ilə bağlı suala isə belə cavab verib: “Rauf mənim komanda yoldaşımdı, ona görə də bu oyuna revanş kimi də yanaşmaq olar. O, Karuanaya qarşı yaxşı oynamışdı, ancaq debütdə bir balaca səhv eləmişdi. Məni də 1/4 finala çıxmağım münasibətilə ilk təbrik edən Rauf oldu. Əgər Rauf sevinirsə deməli mənə təşəkkür edə bilər. Reallıqda isə Karuanaya məğlubiyyət faciə deyil. Fabiano Dünya Kubokunda iştirak edən istənilən şahmatçını məğlub etməyi bacarar”.

Növbəti mərhələdəki rəqibə gəlincə Şəhriyar Məmmədyarov Dünya Kubokunda zəif rəqibin olmadığını dedi: “Əsas mübarizəni davam etdirməyimdi. 1\4 finalda kiminlə qarşılaşmağım önəmli deyil. Bu turnirdə zəif rəqib yoxdur. Həm Andreykin, həm də Karyakin beynəlxalq arenada tanınmış şahmatçılardır. Məqsədim mümkün qədər irəliləməkdir. Sözsüz ki, hər bir şahmatçı finalçı olmaq arzusundadır”.

Həmin kateqoriyadan