Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Respublika Şahmat Mərkəzində keçirilən 14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, 18 yaşadək qızlar arasında yarışda Bakı şahmatçısı Aytən Əmrayeva 7 oyundan 7 xal toplayaraq çempion adını qazanıb. Nərmin Məmmədova 5 xalla ikinci, Xatun Bağırova isə 4,5 xalla üçüncü olub.

Eyni yaşlı oğlanların mübarizəsində Sumqayıt təmsilçisi Zaur Bayramov 7 xalla birinci yeri tutub. Bakı şahmatçıları Ülvi Sadıqov və Vəli Zeynalzadə hərəyə 6,5 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər.Turnirdə 16 yaşadək oğlanların yarışında İsmayıl Şahəliyev (Bakı) 11 oyundan 9,5 xalla çempion adına layiq görülüb. Niyazi Nağdiyev (Bakı) və Pərviz Qasımov (Naxçıvan) hərəyə 8,5 xal toplayaraq 2-3-cü yerlərdə qərarlaşıblar.Eyni yaşlı qızların mübarizəsində isə Bakı təmsilçisi Nərmin Kərimzadə 9 oyundan 8 xal toplayaraq çempion olub. Naxçıvan şahmatçısı Aynur Kətanova 7,5 xalla gümüş, Lənkaran təmsilçisi Nəzrin Mirzəzadə isə 6,5 xalla bürünc mükafata sahib olublar.

Çempionatda 14 yaşadək oğlanlar arasında Kənan Qarayev (Bakı) və Murad İbrahimli (Sumqayıt) 11 oyundan hərəyə 9,5 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Kənan Qarayev əlavə göstəricilərə görə çempion adına layiq görülüb. Andrey Mustafin isə 7,5 xalla üçüncü yerin sahibi olub.

Xanım Balacayeva 11 oyundan 11 xal toplayaraq 14 yaşadək qızlar arasında çempion adını qazanıb. Aytac Heydərova 9 xalla ikinci, Susan Məmmədova (Ucar) isə 7,5 xalla üçüncü pillənin sahibi olub.

Ölkə çempionatı bütün yaş qruplarında dairəvi sistem üzrə keçirilib. Yarışın əsasnaməsinə görə, bütün yaş qrupları üzrə birinci yeri tutan şahmatçılar dünya çempionatına, ikinci yerin sahibləri isə Avropa çempionatına vəsiqə qazanıblar.

Həmin kateqoriyadan