Şahmatçılarımız türkdilli ölkələr arasında açıq çempionatda

Qazaxıstanın paytaxtı Astanada türkdilli ölkələr arasında şahmat üzrə açıq çempionat olacaq. Allsport.az saytı xəbər verir ki, 14-17 mayda keçiriləcək yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları iştirak edəcək. Ölkəmiz çempionatda həm kişilər, həm də qadınlarda təmsil olunacaq.

Kişilərdə Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli çıxış edəcək. Kapitan Qədir Hüseynov olacaq.

Qadınların heyətinə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət edilib. Kapitan kimi İlahə Qədimova təsdiqlənib.

Turnir çərçivəsində eyni zamanda 16 yaşlılar arasında çempionat keçiriləcək. Bu yaş qrupunda ölkəmizi kapitan Fərid Abbasovun rəhbərliyi ilə Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə, Lalə Hüseynova təmsil edəcək.

Reqlamentə əsasən 45 dəqiqədən ibarət partiyalarda hər gedişə 30 saniyə əlavə olunacaq. Ümumilikdə 7 tur oynanılacaq.

Həmin kateqoriyadan