Sergey Karyakin: “İndi məni Dünya Kubokunu qazanmaq düşündürür”

Bakıda keçirilən Dünya Kubokunun finalında mübarizə aparacaq Rusiya şahmatçısı Sergey Karyakin açıqlama verib. Alllsport.az saytı xəbər verir ki, ukrayna əsilli qrossmeyster yarımfinalda Pavel Elyanovu məğlub etməsindən danışıb:

“Elyanovla mübarizəmiz üç gün davam etdi. Bəlkə də bir-birimizi yaxşı tanıdığımıza görə belə oldu. Amma tay-brekdə çətin anlar az olmadı. Müəyyən məqam var idi ki, rəqibim üstünlüyə malik idi. Həmin vaxt ümidimi itirmədim, sona qədər yarışdım. Layiqli qələbə qazanmaqla finala çıxdım. Artıq iddiaçılar turnirində iştirak edəcəyim dəqiqləşib. Lakin indi məni Dünya Kubokunu qazanmaq düşündürür”.

Karyakin finalda Rusiyanın digər təmsilçisi Pyotr Svidlerlə görüşünün asan olmayacağını da söyləyib: “Finalda mübarizə tam fərqli olur. Artıq geriyə yol yoxdur. Hər ikimiz finalda mübarizə aparırıq. Amma Dünya Kuboku ikimizdən birinin olmalıdır. Əsas məqam tələsməməkdir. Bir səhv duelin taleyini həll edə bilər. Bakıda yarışdığım günlərdə Moskvada olan həyat yoldaşım çıxışımı izləyir. İstərdim ki, onu turnirdə qələbə qazanmaqla sevindirim”.

 

Həmin kateqoriyadan