Sergey Karyakin: “Shamkir Chess”lə iddiaçıların Berlin turnirinin müqayisəsi yerlə göy qədər fərqlidir

Avropa çempionu Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess 2018” superturnirində iştirak etmək üçün Azərbaycana gəlmiş blits və rapid üzrə dünya çempionu Sergey Karyakin və onun məşqçisi Denis Xismatullin səfər çərçivəsində Bakıda mərhum şahmatçının məzarını ziyarət ediblər.

Allsport.az saytı xəbər verir ki, rusiyalı qonaqlar 2-ci Fəxri xiyabana gələrək həmkarlarının xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər güllər qoyub, onunla bağlı xatirələrini bölüşüblər. Sonra qrossmeysterlər Vüqar Həşimov Şahmat Akademiyasına gedərək orada yaradılan şəraitlə tanış olublar.

Sergey Karyakin deyib: “Mən Şəmkirə Vüqar Həşimovun xatirəsini yad etmək üçün getmişdim. Onunla peşəkar şahmatçılar üçün çox nadir olan əsl dostluq münasibətlərim vardı. Ona görə mən bu turnirə xüsusi həyəcanla yanaşıram”.

Azərtac.az-ın məlumatına görə, iddiaçıların Berlin turnirində bir çox qrossmeysterin qalmaq üçün pis şəraitdən şikayət etdiyini, hətta özünün başqa otelə köçməyə məcbur olduğunu xatırlayan rusiyalı əlavə edib: “Azərbaycanda Şahmat olimpiadası, dünya kuboku və qran-pri mərhələsi çox gözəl keçdi. Bunlar, zənnimcə, mənim gördüyüm ən yaxşı təşkil olunmuş yarışlardır. Ona görə da “Shamkir Chess 2018” ilə iddiaçıların Berlin turnirini müqayisə etmək mümkün deyil. Bunlar yerlə göy qədər fərqlidir”.

Xatırladaq ki, Vüqar Həşimov Akademiyası 300-dək şahmatçını qəbul edə bilir. Akademiyanın binası iki böyük oyun zalından və dörd tədris otağından ibarətdir. Burada qədim oyunun sirlərini öyrənmək üçün hər cür şərait yaradılıb. Məşğələlər Azərbaycan, rus və ingilis dillərində keçirilir. Sonda Sergey Karyakin və Denis Xismatullin akademiyanın şagirdləri ilə xatirə şəkli çəkdiriblər.

Həmin kateqoriyadan