“Shamkir Chess” superturnirinin bağlanışı olub

Heydər Əliyev Mərkəzində Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess 2018” superturnirinin bağlanışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov iştirakçılara 10 gün ərzində göstərdikləri əzmkar oyuna görə minnətdarlığını bildirib. O, Şəmkirin artıq şahmat şəhərinə çevrildiyini və yerli əhalinin ənənəvi turnirə öyrəşdiyini söyləyib: “Biz hər il böyük səbirsizliklə “ShamkirChess” superturnirini gözləyirik. Bu turnir Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunur. Bu günlər ərzində bütün dünyanın diqqəti Şəmkirə yönəldi. Belə mötəbər yarışın Şəmkirdə keçirilməsi şəmkirlilər üçün idman bayramıdır. Bütün iştirakçılara minnətdarlığımı bildirirəm”.

Sonra Vüqar Həşimovun atası Qasım Həşimov təşkilatçılara təşəkkürünü bildirərək deyib: “ShamkirChess” artıq 5 yaşını qeyd edir. Oğlum Vüqarın adına belə mötəbər yarışın keçirilməsi Azərbaycanda şahmata olan diqqətin göstəricisidir. Vüqar həmişə belə yüksəksəviyyəli turnirin ölkəmizdə təşkil olunmasını arzulayırdı. Yarışın təşkilatçılığında yaxından iştirak edən bütün təşkilatlara, xüsusilə SOCAR-a, “Synergy Group”a və Şəmkir Rayon İcra Hakimiyyətinə “çox sağ olun” deyirəm. Ümid edirəm ki, bu turnir ənənəvi olacaq, növbəti illərdə də təşkil ediləcək”.

Nüfuzlu Veyk-An-Zee superturnirinin direktoru Yerun Van Der Berk çıxışında belə mötəbər yarışa dəvət olunduğuna görə təşəkkür edib. “Bu gün Şəmkirdə olduğuma görə çox sevinirəm. Mən 80 yaşlı Veyk-An-Zee superturnirini təmsil edirəm. 5 yaşlı “ShamkirChess” yarışına uğurlar diləyirəm. Çox istəyirəm ki, bu yarış hər il təşkil olunsun”, – deyən Yerun Van Der Berk Vüqar Həşimovun atası Qasım Həşimova Veyk-An-Zee turnirindən xatirə fotosunu təqdim edib.

Sonra 10 gün ərzində yarışda baş verən ən maraqlı anları əks etdirən videoçarx nümayiş olunub. “Synergy Group”un rəsmisi Fərid Hüseynov çıxışında “ShamkirChess” turnirinin yaranmasından danışaraq deyib: “2014-cü ildə biz bu yarışı keçirmək istəyəndə səviyyəli turnir olacağını düşünürdük. Artıq bu turnirin 5 yaşı var. Demək olar ki, kifayət qədər tanınır. Nüfuzlu şahmatçıların özləri bu yarışda iştirak etməyə can atır. “ShamkirChess 2018” əvvəlki illərdə olduğu kimi maraqlı mübarizə şəraitində keçdi. Qalibi təbrik edirəm. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Azərtac.az-ın məlumatına görə, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, “ShamkirChess 2018” superturnirinin direktoru Mahir Məmmədov çıxışında ölkəmizdə şahmata və şahmatçılara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini bildirib. “Biz “ShamkirChess 2018” superturnirinin Təşkilat Komitəsi olaraq Şəmkir Rayon İcra Hakimiyyəti, SOCAR, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, eləcə də “Synergy Group”la birgə yarışın Vüqar Həşimovun adına layiq təşkil olunması üçün çalışdıq. Vüqar Həşimovun xatirəsinə həsr olunan 5-ci superturnirə maraq gözləniləndən çox oldu. FİDE reytinqində lider şahmatçıların, həmçinin dünya çempionunun Şəmkirə gəlməsi yarışa marağı daha da artırdı. Təsadüfi deyil ki, yarışın qalibi yalnız son turda rəsmiləşdi. Bu da yarışda olan yüksək rəqabətin göstəricisidir”, – deyə Mahir Məmmədov qeyd edib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti diqqətə çatdırıb ki, ölkəmizdə şahmat yarışlarının təşkili artıq ənənə halını alıb: “Bildiyiniz kimi, 2015-ci ildə Dünya Kuboku, bir il sonra isə Ümumdünya Şahmat Olimpiadası Bakıda təşkil olunub. Sözsüz ki, bütün bu yarışlar ölkəmizdə dövlətin və Azərbaycan Prezidenti İlham Əliyevin şahmata və şahmatçılara olan diqqəti nəticəsində reallaşıb. Azərbaycan idmanına, o cümlədən şahmatın inkişafına dəstək olan SOCAR bu il həm də “ShamkirChess 2018”in əsas sponsorudur”.

Sonra “ShamkirChess 2018” superturnirinin baş hakimi Faiq Həsənov yarışın yekun nəticələrini açıqlayıb. “ShamkirChess 2018”in qalibi Maqnus Karlsenə mükafatı turnirin direktoru Mahir Məmmədov təqdim edib.

Həmin kateqoriyadan