Şuşada şahmat üzrə ilk beynəlxalq turnirin iştirakçıları təsdiqlənib

Allsport.az saytı xəbər verir ki, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190-illik yubileyinə həsr olunan beynəlxalq şahmat turniri 2 dərəcədə – kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.
Kişilərin yarışında Azərbaycan milli komandasının üzvləri, 3-qat Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşa qədər şahmatçılar arasında Avropa çempionu Vasif Durarbəyli o cümlədən Asiya çempionu Hao Vanq (Çin), 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu Santoş Gujrathi Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi Parham Maqsudlu (İran), FİDE dünya çempionu Rüstəm Kasımcanov (Özbəkistan) və Türkiyə çempionu, 2021-ci ildə Türkiyənin ən yaxşı şahmatçısı seçilən Mustafa İlmaz iştirak edəcəklər.

Qadınların yarışında milli komandamızın üzvləri, Avropa çempionatının mükafatçıları Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva eyni zamanda şahmat olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Jolanta Zavadzka (Polşa), yeniyetmələr arasında dünya və Avropa çempionu Nurgül Səlimova (Bolqarıstan), Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) mübarizə aparacaqlar.

“Shusha Chess 2022” 21-24 sentyabrda keçiriləcək.

Həmin kateqoriyadan