“Təhsil”in baş məşqçisi: Bu gün bəxt bizə tərəf idi

Şağan olimpiya idman kompleksində həndbol üzrə kişilərin superliqasının 7-ci turunda “Təhsil” gözlənilmədən lider “Bakı”nı büdrədərək (29:26), çempionatda gərginliyi daha artırdı. Klubun baş məşqçisi Cavid İmanov allsport.az saytına açıqlamasında qələbənin təsadüfi olmadığını dedi:

“Bu oyuna hazırlaşırdıq. Rəqibə də yaxşı bələd idik. Cari mövsümdə çempionatda rəqabət yüksəkdir. Çox sayda eyni gücdə klublar var. Onların hansının öncədən qalib gələcəyini bilmək olmur. Elə olur, oyun getmir. Bu gün “Bakı”da alınmadı. Rəqib sadə səhvlərə yol verdi. Üstəlik, biz müdafiədə düzgün qapandıq, qapıçımız da vaxtında mühüm qurtarışlar etdi. Bəxt bizə tərəf idi”.

Gənc mütəxəssis əlavə etdi ki, “Təhsil” cari mövsümdə çempionluğu hədəfləyib. Sadəcə, müəyyən obyektiv səbəbdən superliqanın gedişində bu alınmayıb: “Komandamız ilk gündən 1-ci yer üçün oynayıb. Amma məlum olaylardan heyət gec yığıldığından, anlaşmada çətinlik yaranıb. Zaman-zaman məşq etdikcə, oynadıqca, həndbolçularımız artıq bir-birilərinə uyğunlaşdılar”.

Həmin kateqoriyadan