Tarixi uğur: 2 qadın şahmatçımız Avropa çempionatında mükafatçı oldu

Azərbaycan şahmatçıları Çex Respublikasının paytaxtı Praqada qadınların şəxsi Avropa çempionatında medal qazanmaqla tarixi uğura nail olublar. Allsport.az saytı xəbər verir ki, Günay Məmmədzadə 11-ci turda Aleksandra Maltsevskaya (Polşa) ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 22 yaşlı şahmatçımız matçın 43-cü gedişində rəqibi ilə sülhə razılaşıb.

Ülviyyə Fətəliyeva isə son turda millimizin digər üzvü Gülnar Məmmədovanı məğlubiyyətə uğradıb. Yekunda hər 2 şahmatçı xalını 8-ə çatdırıb. Əlavə göstəricilərə görə Günay gümüş, Ülviyyə bürünc medal qazanıb.

Ümumilikdə 123 şahmatçının iştirak etdiyi yarışın qalibi 8,5 xalla polşalı Monika Soçko olub.

İndiyə qədər qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasında olmayıb. 2 təmsilçimizin mükafatçılar sırasında yer alması Azərbaycan şahmatında tarixi uğurdur.

Həmin kateqoriyadan