Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov Azərbaycanın Gürcüstandakı səfirliyində olub

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn fevralın 27-də FİDE-nin “Qaran-pri” turnirinin Tiflisdə keçirilən mərhələsində iştirak edən beynəlxalq qrossmeystrlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla görüşüb. Allsport.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azər Hüseyn Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb.

Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan idmanının inkişafına xüsusi qayğı göstərib. Bu gün Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda çoxsaylı idman kompleksləri tikilir, gənclərin idmana marağının artması və gənc nəslin sağlam böyüməsi üçün məqsədyönlü tədbirlər görülür. Gənclərimiz də bunu layiqincə qiymətləndirirlər. Gənc idmançılarımızın, eləcə də şahmat üzrə qrossmeystrlərimizin qazandıqları uğurlar bunun əyani sübutudur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov görüşdə azərbaycanlı şahmatçıların dünyada qazandıqları uğurlardan danışıb, qrossmeystrlərimizin gələcək oyunları barədə məlumat verib.

Ş.Məmmədyarov və T.Rəcəbov göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edib, Azərbaycanı bundan sonra da layiqincə təmsil edəcəklərini bildiriblər.

Sonra səfirliyin əməkdaşları ilə birlikdə xatirə şəkli çəkdirilib.

Həmin kateqoriyadan