Üç həmyerlimiz beynəlxalq şahmat festivalında medal qazanıb

Batumidə keçirilən “Batumi Kuboku 2015” beynəlxalq şahmat festivalı başa çatıb. Allsprot.az xəbər verir ki, festivalda Azərbaycan, Türkiyə, Avstraliya, Ermənistan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan və Gürcüstandan 14 qrossmeyster daxil olmaqla 282 şahmatçı iştirak edib. Yarış “A”, “B” və 8-12 yaşadək uşaqlar arasında keçirilib.

Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, ölkəmizi bu yarışda 60 şahmatçı təmsil edib. “A” qrupunda iştirak edən təmsilçilərimizdən Vüqar Rəsulov sonuncu turda ermənistanlı Hovik Hayrapetyanla heç-heçə edərək aktivindəki xalların sayını 6-ya çatdırıb. Beləliklə, V.Rəsulov 2-8-ci yerləri bölüşdürür. O, əlavə göstəricilərə görə 5-ci pillənin sahibi olub. Turnirin qalibi adını isə 9 oyundan 6,5 xal toplayan Ukrayna şahmatçısı Aleksandr Bortnik qazanıb.

“B” qrupunda mübarizə aparan təmsilçilərimizdən Zaur Bayramov 9 oyundan 7 xal toplayaraq turnirin bürünc mükafatçısı olub. Bu qrupda mübarizə aparan digər həmyerlimiz Andrey Mustafin də 7 xal toplasa da, əlavə göstəricilərə görə turniri 5-ci yerdə başa vurub. Fərid Aslanov, Tofiq Feyzullayev və Mustafa Məmmədov 6 xal toplayaraq 15-18-ci yerləri bölüşdürüblər.

On iki yaşadək oğlanların yarışında Şahin Hacıyev aktivinə 5,5 xal yazaraq səkkizinci pillənin sahibi olub. Elşad Quluzadə isə 5 xalla 10-15-ci yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 11-ci olub.

Eyni yaşadək qızların yarışında Mələk İsmayıl 9 oyundan 7 xal toplayaraq gümüş medala sahib olub.

On yaşadək oğlanlar arasında həmyerlilərimizdən Emil Qocayev 6,5 xal toplayaraq 1-6-cı yerləri bölüşdürüb. Murad Musayev isə 5,5 xalla 7-ci olub. İbrahim Ələsgərli və Mirzəağa Məmmədzadə hərəyə 5,5 xal toplayaraq ilk onluqda qərarlaşıblar.

Raul Muxtarov 8 yaşadək oğlanların yarışında 7 xal toplayaraq 1-4-cü yerləri bölüşdürüb. O, əlavə göstəricilərə görə bürünc medal qazanıb. Səkkiz yaşadək qızların mübarizəsində təmsilçilərimizdən Xumar Məhərrəmova 5 xalla 6-cı, Nuray Feyzullayeva 4,5 xalla 10-cu, Suada Abbaszadə isə 4 xalla 11-ci yeri tutublar.

Həmin kateqoriyadan