Ürfan Abbasov: “Neftçi”yə çatmaq şansımız qalıb”

Ürfan Abbasov Roman Qriqorcukun baş məşqci postuna gəlişindən sonra mutəmadi olaraq, əsas heyətdə yer alan azsaylı oyunculardan biridir. Allsport.az xəbər verir ki, hələ turkiyəli baş məşqci Fatih Kavlakın dovrundə əvəzedici heyətdən əsas komandaya cəlb olunan 23 yaşlı futbolcunun ozu və komandasının son dovrlərdəki cıxışı ilə bağlı fikirlərini oyrəndik.

“Fasilə yorğunluğumuzu aradan qaldırdı”

– Çempionatda yaranan 18 günlük fasilə “Qəbələ” üçün faydalı oldumu?
– Deməzdim fasilə bizə mənfi təsir göstərdi. Gündə 2 dəfə olmaqla, intensiv məşqlər etdik. Oyun praktikası sarıdan korluq çəkməmək üçün əvəzedici heyətlə yoxlama matçı keçirdik. Ümumilikdə, fasilə yerinə düşdü. Çünki fasilə ərəfəsində sıx qrafik çərçivəsində 3-4 gündənbir çempionat və kubok maçlarında meydançaya çıxmalı olduq. Ona görə də ən azı yorğunluğu aradan qaldırmaq baxımından fasilənin faydalı olduğunu düşünürəm.

– Onsəkkiz günlük fasilə çempionatda ardıcıl 4 oyunluq qələbə seriyası olan komandanı ritmdən sala bilərmi?
– Yox. Məncə, yüksəlişdə olan komandamız bu fasilədən sonra ritmdən düşməyəcək. Əksinə, komanda iki cəbhədə mübarizə apardığından yorğun idi. Düşünürəm ki, fasilə futbolçulara həm fiziki, həm də psixoloji cəhətdən formaya düşməyə kömək etdi.

– Qış fasiləsindən sonra komandanın çıxışına necə qiymət verərdin?
– Kubokda mübarizənin uğurlu alındığını deyə bilmərik. Ancaq şükürlər olsun, çempionatda işlərimiz yaxşı gedir. Kubokda mübarizəni dayandırdıqdan sonra bütün diqqətimizi Premyer Liqaya yönəltmişik. Ardıcıl 4 qələbə sayəsində xal ehtiyatımızı xeyli artırmışıq. Komandanı qarşıdakı IV dövrədə 8 gərgin oyun gözləyir. Məqsədimiz həmin matçlarda yalnız qələbə qazanmaqdır. Buna nail olsaq, avrokuboklara çıxmaq şansı əldə edəcəyik. Ona görə də, taleyimiz son dövrədə keçirəcəyimiz görüşlərdən çox asılıdır.

– İndi diqqət ölkə kubokunun “Qəbələ” üçün münasib nəticələnməsindən asılı olaraq, 4-cü yeri tutmağa yönəlib. Yoxsa 3-cü yer uğrunda mübarizədə şansın az olmadığını düşünürsən?
– Məncə, hazırda 3-cü pillədə olan “Neftçi”yə çatmaq şansımız qalıb. Bu komandanın son dövrədə necə çıxış edəcəyi bəlli deyil. Əsas odur ki, uduzmayaq, qələbə seriyamızı davam etdirək. Uğurlu çıxışı davam etdirə bilsək və “Neftçi” xal itirərsə, onda bürünc mükafata da sahib ola bilərik.

“Qriqorçukdan çox şey öyrənirik”

– Qış fasiləsindən sonra bütün oyunlarda əsas heyətdə yer alan, özü də 90 dəqiqə meydanda olan azsaylı futbolçulardansan. Ürfan Abbasov Roman Qriqorçukun baş məşqçi olduğu komandada özünü necə hiss edir?
– Baş məşqçimizdən çox razıyam. Qriqorçukdan çox şey öyrənirik. Oyun sistemi, taktiki hazırlıq baxımdan ukraynalı mütəxəssisin komandaya faydası böyükdür. Doğrudur, komanda hələ onun istədiyi tam formaya düşməyib. Ancaq əsas məsələ bu yöndə işlərin məqsədyönlü şəkildə davam etməsidir.

– Müdafiə xətti çox tənqid olunur. Demək olar, hər oyunda qol buraxırsınız. Arxa xəttin aparıcı üzvlərindən biri kimi bu barədə fikirlərin maraqlıdır…
– Baş məşqçinin oyun sxeminə, taktikasına uyğun hərəkət edirik. Hesab etmirəm ki, buraxdığımız qollar sırf müdafiənin səhvi ucbatından olub. Daha çox bəxtsizlik öz sözünü deyir.

– Son transfer olan sol cinah müdafiəçisi Rikardinyonun gəlişindən sonra müdafiənin sağ cinahına çəkilmisən. Mövqe dəyişikliyi və braziliyalı həmkarın haqda nə düşünürsən?
– Lazım olanda solda da, sağda da oynayıram. Rikardinyonu həm məşqlərdə, həm də oyunlarda görmüşük. Solaxaydır və bundan yaxşı istifadə edə bilir. Qriqorçuk ona inanır və əsas heyətdə yer verir. Mən isə sağ ayağımla yaxşı oynasam da, müdafiənin hər iki cinahında çıxış edə bilirəm. Baş məşqçi mənə güvənirsə, cinahdan asılı olmayaraq, onun etimadını doğrultmalıyam. Mövqe dəyişikliyi baxımından heç bir problemim yoxdur.

Həmin kateqoriyadan