Vidadi Əliyev: Yüksək liqada ilk 3 yerdən birinə iddialıyıq

Şağan olimpiya idman kompleksində həndbol üzrə ölkə çempionatı davam edir. Kişilərin yüksək liqasında turlar ötdükcə, gərginlik və rəqabət dərinləşir. Cari mövsümdə çıxış edən 6 komandadan 4-ü qızıl medala iddialı görünür. Bunlardan biri “İdman akademiyası-U-18″dir. Klubun baş məşqçisi Vidadi Əliyev allsport.az saytına müsahibəsində imkanları belə dəyərləndirdi:

– Çempionatda güzəştsiz mübarizə gedir. Artıq 6 tur arxada qalıb. Yarış cədvəlinə nəzər yetirdikdə, görürük ki, qalib gəlməyən komanda yoxdur. Bu, bizi sevindirir. Klubumuz yüksək liqaya iddialı başlayıb. Hər oyuna qələbə üçün çıxırıq.

– Artıq 3-cü mövsümdür ki, komandanın başındasız. Heyətin özəyini necə qoruya bildiniz?
– Hələlik qoruya bilirik. Amma qapıçı çatışmamazlığı var. Bu mövqedə əsas oyunçumuz hərbi xidmətdədir. O, yaxın həftələrdə qayıtmalıdır. Buna rəğmən, uşaqlar oynayır. Komanda gənclərin üzərində qurulub. Onlar əsas millinin gələcəyidirlər.

– Vidadi müəllim, çempionatda yüksək yerlərə iddia nə vaxtdan meydana gəldi?
– Yeniyetmələrimiz bu illər ərzində yavaş-yavaş təcrübə toplamağa başladılar. İş elə gətirdi ki, onlar gənclik çağında müəyyən səviyyədə püxtələşə bildilər. Bunun nəticəsi olaraq, hədəfimiz çempionatda ilk 3 yerdən birini tutmaqdır.

– Mümkün olacaqmı?
– Əlbəttə, gedişat bunu göstərir. Buna əminəm. Yenə də həndbolçularımız oynamalıdırlar, qətiyyən arxayınlaşmamalıdırlar.

– Siz həmçinin bu yaş qrupunda millini çalışdırırsınız. Beynəlxalq müstəvidə nə kimi planlar var?
– Pandemiya üzündən səfərlərimiz qaldı. Gələn il Avropa çempionatının secmə qrup mərhələsində çıxış etməyi düşünürük. Azərbaycanda gəncləşmə gedir. Bizim komanda əsas yığmanın dayağı sayılır. 17-18 yaşından aşağı oyunçular da çempionatda təcrübəlilərdən geri qalmırlar. Fikrimcə, federasiya və idman nazirliyi bu cür dəstəyini davam etdirsə, ölkəmizdə həndbol daha inkişaf edəcək.

Kamran HACI

Həmin kateqoriyadan