Vladimir Çuçelov: Teymuru daha yüksək səviyyəyə qaldıracağam

Hazırda şahmat aləminin ən yaxşı məşqçisi sayılan, italiyalıı Fabiano Karuana və Teymur Rəcəbovla işləyən Vladimir Çuçelov jurnalistlərin suallarına cavab verib. Allsport.az saytı xəbər verir ki, rusiyalı mütəxəssis həmkarlarımızla söhbətdə, həmyerlimizin potensialının yüksək oldiğunu deyib.

 

– Sizi Bakıda keçirilən qran-pri turnirində görmək çox xoşdur. Turnirlə bağlı fikirlərinizi bilmək maraqlıdır…
– Bakı hər zaman yüksək təşkilatçılığıyla seçilib. qran-prinin Bakıda start götürməsi məni çox sevindirdi. Gözəl şəhərdə şahmat oynamaq hər zaman ürəyimizcədir. Açılışdan sonra turnirin yüksək səviyyədə keçiriləcəyinə əmin olduq. Bakının gözəlliyinə valeh olmuşam. Hələlik yalnız dənizkənarı bulvarda gəzmişəm. Ora həm yaxındır, həm gözəldir. Karuana ilə birgə axşamlar orada gəzişmədən otağımıza getmirik.

 

– Fabiano Karuananı siz hazırlaşdırırsınız. Bu şahmatçı artıq indidən dünya çempionluğuna əsas namizədlərdən sayılır…
– Karuana şahmatı çox sevir. Hazırda biz onunla turnirlərə hazırlaşırıq. Yəni yarış zamanı məhz iştirak etdiyi turnirlə bağlı işləyirik. Çempionluq barədə düşünmürük. Bu çox uzun yoldur. Gərək qran-pridə qələbə qazanasan, sonra iddiaçılar turnirində birinci yeri tutasan. Yalnız sonradan dünya çempionuyla oynamaq imkanı qazanırsan. Biz bu hədəfə doğru mərhələli şəkildə çalışırıq.

 

– Yəqin, Karlsen də başa düşür ki, ona qarşı güclü rəqib gəlir….
– (gülür) 2 il əvvəl Karuana ilə işləməyə başlamışam. Bir müddətdən sonra Fabiano FİDE reytinqində ilk onluğa daxil oldu. Bu münasibətlə hətta Karlsen məni təbrik etdi. Dedi ki, Karuana onluğa daxil oldu və bu münasibətlə sizi təbrik edirəm. Ondan sonra Karlsen daha bizi təbrik etməyib. Hazırda Karlsen dünya reytinqində 1-ci, Karuana isə 2-ci-dir.

 

– Karuananın Qran-Pridə ilk üç turda çıxışını necə qiymətləndirirsiniz…
– Hər şey normaldı. Təəssüf ki, iki partiyada qələbə qazana bilərdi, amma şansını boşa verdi. Üstünlüyü sona qədər saxlamadı. Hətta Nakamurayla partiyada üstünlüyü kifayət qədər nəzərə çarpırdı. Sadəcə bir qədər səhvə yol verdi. Bununla belə hər şey hələ qarşıdadır. Fikrimcə, şanslarımız azalmayıb. Müəyyən mənada diqqətsizlik bu işdə özünü göstərdi.

 

– Karuananın hər yarışda favorit sayılması işinizi çətinləşdirmirki? Hər halda Karlsen olmayan turnirlərdə əsas diqqətə ona yönəlir….
– Fabiano reytinqə əsasən favorit sayılır. Bununla yanaşı gərək şahmatçı ümidləri doğrultmağı bacarmalıdır. Karlsen olan yarışlarda hər ikisi diqqət mərkəzində olur. Əgər futbolla müqayisə etsək, Karlsen “Real”dısa, onda Karuana “Bavariya”dır. Hər bir turnirdə Fabiano mükafatçılar sırasında olmaq istəyir.

 

– Onun turnirlər zamanı xüsusi istəkləri çox olur?
– Fabianonun xüsusi istəyi olmur. Sadəcə internetin olması vacibdir. Bir də hovuzda üzməyi xoşlayır. Hazırda turnirdə gərgin oyunlar olduğu üçün hovuzdan istifadə etmək mümkün olmayıb.

 

– Teymur Rəcəbovla nə vaxtdan çalışırsınız?
– Təxminən 7 ay əvvəl biz onunla işləmək barədə razılıq əldə etdik. Rəcəbov dünya səviyyəli şahmatçılardan biridir. Uzun müddətdir, planetin ən yaxşı qrossmeysterləri sırasına daxildir. Londonda keçirilən iddiaçılar turnirindən sonra bir qədər oyunu alınmırdı. Biz bu sahədə işləyirik. Fikrimcə, Rəcəbovun potensialı yüksəkdir. O. tez bir zamanda karyerasının yüksəlişi dövrünə qayıdacaq. Teymur əvvəlki kimi gözəl qələbələrlə, onu sevənləri sevindirəcək. Biz bu istiqamətdə işləyirik.

 

– Azərbaycan şahmatçıları uzun müddətdir, şahmat tacını Bakıya qaytarmaq istəyir. Şahmatçılarımızın bu arzusunun reallaşması üçün nə lazımdır?
– Ölkənizdə Məmmədyarov və Rəcəbov kimi güclü şahmatçılar var. Hər ikisi uzun müddətdir güclü turnirlərdə iştirak edir. Azərbaycan yığmasında 2 dəfə Avropa çempionu olublar. Sadəcə dünya çempionluğu üçün xüsusi hazırlaşmaq vacibdir. Üstəlik, gərək çox şeyi qurban verməyi bacarasan. Bir neçə il ancaq şahmatla yaşayasan. Həm Məmmədyarov, həm Rəcəbov bir neçə dəfə iddiaçılar turnirində iştirak ediblər. Yeni mövsümdə də onlar yenidən iddialarını nümayiş etdirə bilər.

Həmin kateqoriyadan