Vüqar Həşimov memorialında kim öndədir?

Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə 7-ci beynəlxalq superturnirdə 2-ci yarış günü başa çatıb. Allsport.az saytı xəbər verir ki, rapiddə 2-ci turun 1-ci oyununda Şəhriyar Məmmədyarov həmyerlisi Vüqar Əsədliyə qalib gəlib. Rauf Məmmədov ABŞ şahmatçısı Fabiano Karuanaya yenilib. Riçard Rapport (Macarıstan) sabiq dünya çempionu hindistanlı Vişvanatan Ananda, Çex David Navara isə rusiyalı Sergey Karyakinə qalib gəliblər.

Turun 2-ci oyununda V.Əsədli Ş.Məmmədyarovu, F.Karuana R.Məmmədovu, S.Karyakin isə D.Navaranı məğlub ediblər. V.Anand isə R.Rapportla xalı yarı bölüb.

Qələbə sayları eyni olan Ş.Məmmədyarov V.Əsədli ilə, D.Navara isə S.Karyakin ilə armagedonda üz-üzə gəliblər. Ş.Məmmədyarov və S.Karyakin görüşdən qalib ayrılıblar.

Üçüncü turun ilk oyununda Ş.Məmmədyarov S.Karyakinə, V.Anand D.Navaraya, R.Rapport isə F.Karuanaya uduzublar. V.Əsədli isə R.Məmmədovla heç-heçə edib.

Cavab oyunlarında S.Karyakin Ş.Məmmədyarovdan, R.Məmmədov V.Əsədlidən, R.Rapport isə F.Karuanadan üstün olublar. D.Navara və V.Anand xalı yarı bölüblər. Armagedonda R.Rapportu məğlub edən F.Karuana 2 xal qazanıb.

Üç turdan sonra F.Karuana 8 xalla turnir cədvəlində birinci, R.Rapport isə 7 xalla ikinci pillədə qərarlaşıblar. Hesabında 5 xal olan R.Məmmədov, Ş.Məmmədyarov və S.Karyakin 3-5-ci yeri bölüşürlər. D.Navara 4 xalla altıncı, V.Anand və V.Əsədli isə 1 xalla 7-8-ci pillədə yer alıblar.

Turnirin reqlamentinə əsasən, rapid yarışlarında bir tur iki oyundan ibarətdir.

Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda şahmatçılar rapid və blits turnirlərində yarışırlar. Dekabrın 21-dək davam edəcək rapid yarışları 7 turdan ibarət olacaq. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Həmin kateqoriyadan