Vüqar Həşimov memorialının yenilənmiş rəsmi internet səhifəsi

Vüqar Həşimovun xatirəsinə 7-ci beynəlxalq super turnirinin yenilənmiş rəsmi internet səhifəsi istifadəyə verilib. Allsport.az saytı xəbər verir ki, memorialın internet səhifəsi Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

Azərbaycanın məşhur şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirə turniri dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək. Yarışda ölkəmizi üç idmançı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vüqar Əsədli təmsil edəcəklər. Azərbaycan şahmatçıları ilə yanaşı, turnirdə Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) da mübarizə aparacaqlar.

Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016-cı, 2017-ci) dəfə bu turnirin qalibi olublar. Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.

Həmin kateqoriyadan