“Vüqar Həşimov”dan ardıcıl 2-ci qələbə

Monteneqronun Ultsin şəhərində şahmat üzrə 35-ci klublararası Avropa kubokunda 2-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, kişilərin yarışında “Vüqar Həşimov” Sloveniyanın “Maribor” komandasını 4,5:1,5 hesabı ilə məğlub edərək ikinci qələbəsini qazanıb.

Nicat Abbasovun çıxış etdiyi Avstriya “Rayka Rapid”i Şəhriyar Məmmədyarovun oynayacağı Şimali Makedoniya təmsilçisi “Alkaloid”ə 1,5:4,5 hesabı ilə uduzub. Nicat birinci lövhədə qara fiqurlarla Dmitri Andreykinlə heç-heçə edib.

Nərgiz Umudovanın çıxış etdiyi Belçika “Eşikye Mözan”ı Lüksemburq “De Şprenqer”ini 3,5:2,5 hesabı ilə yenib. Umudova dördüncü lövhədə Mixael Hamesi məğlub edib.

Hazırda “Vüqar Həşimov” klubu 66 komanda arasında dörd xalla 12-ci sıradadır. Eyni xala malik “Alkaloid” 10-cu, iki xal toplamış “Eşikye Mözan” 36-cıdır.

Qadınların yarışında isə “Odlar Yurdu” turnirin gücünə görə üçüncü komandası sayılan Gürcüstanın “Nona” klubu ilə heç-heçə edib – 2:2. “Odlar Yurdu” hazırda 14 komanda arasında üç xalla dördüncü yerdə qərarlaşıb.

“Vüqar Həşimov” bu gün Rusiyanın “Primorski Distrikt”, “Odlar Yurdu” isə Çexiyanın “Novı Bor” komandaları ilə qarşılaşacaq.

Həmin kateqoriyadan