“Xəzər Lənkəran”dan rəsmi baş məşqçi açıqlaması

“Xəzər Lənkəran” klubu baş məşqçi postunda edilən dəyişikliklə bağlı rəsmi saytı vasitəsi ilə məlumat yayıb. Allsport.az xəbər verir ki, məlumatda bunlar qeyd olunub:

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin tutduğu vəzifədən istefa verib. Türk mütəxəssis bu qərarını klub rəhbərliyi ilə fasilə öncəsi keçirilən görüşdə açıqlayıb. Oğuz Çətinlə birlikdə onun korpusunda yer alan Mustafa Eskisoy və Murat Göksu da vəzifələrini tərk edib.

Klub Oğuz Çətinə və onun məşqçi korpusuna burada çalışdığı dövr ərzində etdiyi bütün xidmətlərə görə təşəkkürünü bildirir və hər bir məşqçiyə karyerasında uğurlar və nailiyyətlər arzulayır.

“Xəzər Lənkəran” bəyan edir ki, mövsümün sonuna qədər baş məşqçi vəzifəsinin müvəqqəti icrası əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədova həvalə olunur. Ona qapıçılar üzrə məşqçi Vidadi Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre kömək edəcəklər. Eyni zamanda əvəzedici komandaya rəhbərlik Hafiz Əliyevə tapşırılır.

Digər təyinatlar, həmçinin komandanın yolları ayıracağı futbolçular haqqında məlumat yaxın zamanda veriləcək”.

Həmin kateqoriyadan