Xorvatiyadan bol qənimətlə

Zaqrebdə taekvondoçuların açıq Xorvatiya yarışında komandalarımız uğurlu nəticə göstəriblər. Allsport.az saytı xəbər verir ki, yeniyetmələrdən ibarət milli baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərovun rəhbərliyi ilə 7 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Vüqar Aslanov (45 kq), Tamerlan Yaqubov (49 kq) və Vasif Səlimov (53 kq) yarışın qalibi olublar.

Səfər Behbudzadə (33 kq), Abdülsübhan Dadaşlı (57 kq) və Rahil Umudov (61 kq) yalnız finalda uduzublar. Şəms Əlizadə (47 kq), Yunis Hüseynov (61 kq), Elcan Əlizadə (65 kq) və Nihad Həsənov (+65 kq) 3-cü yer tutublar.
Bu nəticələrdən sonra yeniyetmələrdən ibarət millimiz həm oğlanların, həm də qızlarda komanda hesabında 1-ci olublar.

Gənclərdən ibarət seçmə baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi ilə turniri 7 medalla başa vurub. Zemfira Həsənzadə (42 kq) gümüş mükafata yiyələnib. Pünhan Mürsəlov (48 kq), Adil Eyvazov (51 kq), Erkan İşli və Fərid Əliyev (hər ikisi – 59 kq), Nizami Hacıyev (63 kq) və Səlimə Quliyeva (44 kq) 3-cü pilləni tutublar.

Həmin kateqoriyadan