“Zirvə”dən növbəti jest: milli qəhrəmanın ailəsinə mənzil hədiyyə edildi!

Noyabrın 22-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Milli qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə ağırlıqqaldıranlar arasında Bakı şəhər açıq turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, 50-dən çox gənc atletin qatıldığı turnir maraqlı mübarizə şəraiti ilə yadda qalıb. Ağırlıqqaldıranlar 56, 62, 69, 77, 85, 94, 105 və +105 kq çəki dərəcələrində qüvvələrini sınayıblar.

Fəxri kürsüdə yer alan idmançılara medal, diplom, kubok və xatirə hədiyyələri təqdim olunub. Yarış “Zirvə” Beynəlxalq İdman Klubunun böyük dəstəyi ilə keçirilib. Həm yarış zalı, həm foto və videoçəkiliş, nəqliyyat, səhnənin tərtibatı və bir çox digər vacib addımlar məhz bizim klub tərəfindən atılıb. Turnirdə klubumuzun prezidenti, SSRİ İdman Ustası, beynəlxalq dərəcəli hakim Tofiq Heydərov da təşrif buyurub.

Yarışın əsas məqamı isə mərhum Milli qəhrəman Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsibə xanıma mənzil hədiyyə edilməsi olub. “Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərov qəhrəmanın ailəsinə AAAF Park Yaşayış Kompleksində ev verilməsi sərəncamını verib. 69 kq çəki dərəcəsində yarışan idmançıların təltifatı zamanı Nəsibə Şahbazova və Fəxrəddin Şahbazovun qardaşı nəvəsi, milli qəhrəmanın adını daşıyan balaca Fəxrəddin səhnəyə dəvət edilib. Klubumuzun prezidenti adından “Zirvə” İdman Kompleksinin rəhbəri Ruslan Xanverdiyev mənzil sertifikatını Nəsibə xanıma təqdim edib. Bu böyük sürpriz davamlı alqışlara qarşılanıb, böyük rəbətə səbəb olub.

Təqdimatdan sonra hisslərini bizimlə bölüşən Nəsibə xanım Şahbazovanın sevincli olduğu sezilirdi: “Mən bunu gözləmirdim. Bizə böyük dəstək nümunəsidir. “Zirvə” İdman Klubunun rəhbərliyinə, xüsusilə onun prezidenti Tofiq Heydərova mənə mənzil bağışladığına görə böyük, dərin minnətdarlığımı bildirirəm. Bu ev nəvəmiz Fəxrəddinin gələcəyi üçün böyük əhəmiyyət daşıyacaq. Azərbaycanda ağır atletikaya, hazırda çıxış edən, vaxtilə çıxış etmiş bütün ağır atletlərə böyük qayğı göstərən, diqqətini əsirgəməyən Tofiq müəllimin bu hədiyyəsini heç vatx unutmayacam. Bir daha təşəkkür edirəm. Çox sağ olun”.

Həmin kateqoriyadan