“Ədalətli oyunlar və idman mətbuatı” mövzusunda tədbir

Azərbaycan milli olimpiya komitəsinin (MOK) rəsmi nəşri olan “Olimpiya dünyası” qəzetinin 20 illik yubileyinə həsr olunmuş “Ədalətli oyunlar və idman mətbuatı” mövzusunda tədbir keçirilib.

Allsport.az xəbər verir ki, Azərbaycan dövlət nədən tərbiyəsi və idman akademiyasında təşkil edilən tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan milli olimpiya komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev, mətbuat şurasının sədri Əflatun Amaşov, ADBTİA-nın rektoru Fuad Hacıyev, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionları, tanınmış idmançılar və idman ictimaiyyətinin bir sıra tanınmış nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

MOK-un vitse-prezidenti Azərbaycan ədalətli oyunlar komissiyasının (AzƏOK) sədri Xəzər İsayev çıxış edərək AzƏOK-un Azərbaycan prezidenti, milli olimpiya komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1997-ci ildə yaradıldığını bildirib. O qeyd edib ki, təşkilat yarandığı ilk gündən fəaliyyətini uğurla davam etdirir: “Qurumun Avropa ədalətli oyunlar hərəkatı və beynəlxalq ədalətli oyunlar komitəsi (BƏOK) ilə uğurlu əməkdaşlığı mövcuddur. Belə ki, 2009 və 2015-ci illərdə Avropa və beynəlxalq ədalətli oyunlar hərəkatının konqres və assambleyaları ölkəmizdə uğurla təşkil edilib”.

X.İsayev qeyd edib ki, uğurlu əməkdaşlığın nəticəsi olaraq müxtəlif illərdə Azərbaycan respublikasının prezidenti İlham Əliyev və Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva qurumun xüsusi medalları ilə təltif ediliblər. Komissiya hər ilin yekununda ədalətli oyun prinsiplərinə görə fərqlənənləri “ədalətli oyun prinsiplərinə sadiq idman xadimi, təbliğatçı, idmançı, məşqçi, hakim nominasiyaları üzrə təltif edir. 2021-ci il aprelin 15-dən iyunun 15-dək AzƏOK tərəfindən “Olimpiya dünyası” qəzeti ilə birgə “İdman və ədalətli oyunlar” mövzusunda rəsm müsabiqəsi keçirilib. Fərəhli haldır ki, bu müsabiqədə 3-8 yaş qrupu üzrə ikinci pillədə qərarlaşmış Azərbaycan təmsilçisi Mədinə Cəbiyeva BƏOK-un keçirdiyi “İdman sənin üçün nə deməkdir?” mövzusunda rəsm müsabiqəsində 2-ci pillədə qərarlaşıb.

Xəzər İsayev “Olimpiya dünyası” qəzetinin fəaliyyətindən danışaraq qeyd edib ki, qəzetin səhifələrində ədalətli oyun prinsipinin təbliğinə xüsusi önəm verilib, bu sahədə ədalətli oyunlar komissiyası ilə birgə bir sıra tədbirlər keçirilib.

Bildirilib ki, sentyabrın 23-dən 26-dək Avstriyanın paytaxtı Vyanada Avropa ədalətli oyunlar hərəkatının (AƏOH) 26-cı konqres və assambleyası çərçivəsində 22 ölkə nümayəndəsinin iştirakı icraiyyə komitəsinin üzvlüyünə seçkilər keçiriıib. Səsvermə nəticəsində MOK tərəfindən namizədliyi irəli sürülən Xəzər İsayev Avstriya və Fransa nümayəndələrini səs çoxluğu ilə üstələyərək 4 il müddətinə Avropa ədalətli oyunlar hərəkatının (AƏOH) icraiyyə komitəsinin üzvü seçilib. Qeyd olunub ki, AƏOH-un icraiyyə komitəsinin qərarına əsasən Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının rektoru Fuad Hacıyev AƏOH-un jüri heyətinin üzvü seçilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri İsmayıl İsmayılov Azərbaycan idman mətbuatında xüsusi rolu olan «Olimpiya dünyası» qəzetinin yarandığı dövrdən ölkəmizdə idman və olimpiya hərəkatının təbliği sahəsində fasiləsiz fəaliyyət göstərdiyini bildirib. O, nəşrin ölkəmizdə olimpiya və idman hərəkatının təbliğində, eləcə də idman jurnalistikasının formalaşmasında özünəməxsus rolu olduğunu qeyd edib: “Olimpiya dünyası” qəzetinin səhifələrində yay və qış olimpiya oyunları, yeniyetmələrin yay olimpiya oyunları, Avropa gənclər yay olimpiya festivalları, Avropa oyunları, islam həmrəyliyi oyunları, formula 1 və bir çox mötəbər beynəlxalq yarışlar, eləcə də, ölkəmizdə keçirilən turnir və tədbirlər yüksək səviyyədə işıqlandırılıb.

AzƏOK-un fəaliyyətindən söz açan nazir müavini qeyd edib ki, ölkəmizdə bu sahədə görülən işlər təqdirəlayiqdir. O, bildirib ki, idman ictimaiyyətinin nümayəndələri daim ədalətli oyun prinsiplərinə sadiqliklərini nümayiş etdirirlər ki, bu da vacib məqamlardan hesab olunur.
Sonra çıxış edən mətbuat şurasının sədri Əflatun Amaşov, Azərbaycan bədən tərbiyəsi və idman akademiyasının rektoru Fuad Hacıyev, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Bakı şəhər hənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, olimpiya çempionu Zemfira Meftahetdinova, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Qarabağ qazisi Anar Məmmədov və başqaları AzƏOK-un, eləcə də “Olimpiya dünyası” qəzetinin fəaliyyətindən danışıblar.

Həmin kateqoriyadan