Əjdər Cəfərov: “Təşkilatçılar bununla bağlı bizə üzrxahlıq bildirdilər”

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov İranda qazanılan böyük uğurla bağlı fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Həqiqətən də milli komandamız tarixi uğur qazandı, güləş tariximizdə yeni səhəfə yazdı. Bütün bu uğurlarımız ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, idmana, güləşə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bütün bunlar bizi daha da ruhlandırır. Və Dünya Kubokuna da böyük ümidlərlə yollanmışdıq. Çox şadıq ki, İranda ev sahiblərini böyük üstünlüklə məğlub etdik. İnanın ki, bütün güləş dünyası pəhləvanlarımızın çıxışına heyran qalmışdırlar. Dünya Kuboku yarışları tarixində indiyə qədər heç bir komanda İran yığmasını öz evində məğlub edə bilməmişdi. Biz isə bunu bacardıq”.

Cəfərov sözlərinə belə davam edib: “Bu qələbə bizim üçün çox önəmli idi. Qarşıda bizi Avropa Oyunları gözləyir. Bu yarışlar yığma komandamız üçün sınaq xarakteri daşıyırdı. Mən qazanılan nailiyyətlərə görə, güləşçilərə, məşqçilər korpusuna minnətdaram. Xüsusilə də federasiyamızın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Cənab Fazil Məmmədovun güləşçilərimiz üçün yaratdığı şərait bu cür uğurların qazanılmasına böyük töhvə verir. Düşünürəm ki, Bakıda keçiriləcək Avropa Oyunlarında da qızıl medallar qazanıb bizə göstərilən etimadı doğruldacağıq”.

AGF-nın baş katibi İranda Azərbaycan Respublikasının dövlət himni səslənərkən, ölkəmizin bayrağının düzgün seçilməməsinə də münasibət bildirib: “Təbii ki, bunu biz də gördük. Amma bütün olanlar himn səslənərkən, baş verdi. Daha sonra iradımızı bildirdik. Həmin vaxt Respublikamızın himnini yarımçıq dayandırmaq istəmədik. Artıq təşkilatçılar bununla bağlı bizə üzrxahlıq bildirdilər. Yaxın günlərdə rəsmi şəkildə üzrxahlıq məktubu da göndərəcəklər. Yəni bu cür hallar yolverilməzdir və belə hallar daim diqqətlə yanaşırıq”.

Həmin kateqoriyadan