Əməkdar bədən tərbiyəsi və idman xadimi Rafiq Hüseynovu təbrik etdi

Azərbaycan güləş federasiyasının sabiq regionlar üzrə vitse-prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi, milli olimpiya komitəsinin üzvü Cavanşir Qurbanov, bu gün Tokio-2020-nin yunan-Roma güləş yarışında 3-cü yer uğrunda görüşdə ermənistanlı Karapet Çalyanla qalib gələn Rafiq Hüseynovu (77 kq) təbrik edib. Allsport.az saytına açıqlamasında, professor bunu dilə gətirib:

“Mən, ilk növbədə, idmançımızın atası Radik Hüseynovu təbrik edirəm. O, ölkəmizin təcrübəli mütəxəssislərindəndir. Rafiqə gəlincə, ona yalnız “əhsən” demək düşür. Təqaüddə olsam da, hər şey diqqətimdədir. Daim güləşçilərin hazırlığı ilə maraqlanır, böyük arenalarda çıxışlarını səbirsizliklə gözləyirəm.

Rafiq olimpiada öncəsi 10 kq çəki salmışdı. Bu, asan məsələ deyil. Onun 33 yaşı var. Karyerasının qürub çağında dünya çempionarının gümüş, sonra 2-ci dəfə Avropa çempionluğunu yaşaması onda olan əzmkarlıq, istək və xarakterdən irəli gəlir. Bu, özünü Tokio oyunlarında da göstərdi, nizam-intizamı ilə haqq edən medalı qazandı.

Burada Azərbaycan güləş federasiyasının işini də yüksək qiymətləndirirəm. Rəhbərlik, gənclər və idman nazirliyi, eləcə də milli olimpiya komitəsi çətin pandemiya şəraitində hər cür dəstək göstərdi, məşqçilərimiz də etimadı doğrultmaq üçün gecə-gündüz çalışdılar. Xalqımızı təbrik edirəm, biz sevincə layiqik”. 

Xatırladaq ki, Cavanşir Qurbanovun 2017-ci ildə 70-illik yubileyi mübasibəti və ölkə idmanında roluna görə ölkə başçısı İlham Əliyev onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Həmin kateqoriyadan