Əməkdar məşqçinin uşaqlarla çalışanlara tövsiyəsi

Məşqçi-müəllimlər üçün bəlkə də ən çətin və məsuliyyətli mərhələ uşaq yaş qrupları ilə işləməkdir. Bir binanın keyfiyyətli olması əsas onun təməlindən asılıdırsa, böyük idmançı olmağın da əsas keyfiyyəti onun uşaq vaxtı məşqçisi tərəfindən təməlinin necə qoyulmasından asılıdır. Böyük idmançı dedikdə təkcə söhbət hər hansı bir mötəbər yarışın qalibi və ya qolu güclü olmaqdan getmir. Bu böyüklüyə böyük-kiçiyə, ailəyə, müəllimə, cəmiyyətə hörmət, nizam-intizam, təlim-tərbiyə, bilik, vətənpərvərlik, sağlamlıq, gələcəyin əsgəri, ailə başçısı və sair insani keyfiyyətlər də daxildir. Mənə görə bu amillərin onurğa sütunu vətənpərvərlikdir. Vətənini sevən, vətənə bağlı adam digər amillərin də öhdəsindən gələ bilər. Hər oğul, hər güclü insan vətənpərvər ola bilməz. Elə idmana ilk addımını atan uşağın əsas niyyəti vətənin şərəfini qorumaq olmalıdır. Elə bu səbəbdən də uşaqlarla çalışan məşqçi-müəllimlərin üzərinə çox böyük məsuliyyət düşür. Bu deyilən keyfiyyətlər ilk öncə müəllimin özündə olmalıdır ki, uşaqlarda həmin keyfiyyətləri formalaşdırmaqda onun işi asanlaşsın. Çünki uşaqlar ağlı kəsən gündən həyatda düşdükləri mühitdən asılı olaraq gördüklərini özlərinə nümunə seçirlər. Ona görə də öyrətməyin prinsiplərindən biri uşağın gözündə nümunəvi olmağı bacarmaqdır. Əgər uşaq müəllimi özünə nümunə seçə bilsə, müəllim nə desə, nə etsə, uşaq onu sevə-sevə həyata keçirməyə çalışacaq.

Bəs müəllim bunu necə bacara bilər? Uşaqla işləyən məşqçi-müəllimlər ilk öncə özünü məqsədli şəkildə uşaq yerinə qoymağı bacarmalıdır ki, onların tələbatını öyrənə bilsin. Müəllim uşağın valideyni qədər ona yaxınlaşıb doğmalaşmalıdır. Necə ki, uşaq çəkinmədən valideynindən sosial ehtiyacını istəyir, ona öz sirrini deyir, müəlliminə də o cür münasibətlə yanaşmalıdır. Müəllim zahirən uşaq üçün əlçatmaz səviyyəsində olmalı deyil. Müəllim uşağın qarşısında özünü böyük, ciddi, güclü, uşaqların ondan asılı olduğunu, diktator kimi göstərərsə, bu uşağın həyəcanını, gərginliyini, ümidsizliliyini artıra bilər. Müəllim kamillik baxımından uşaq üçün əlçatmaz olmağı bacarmalıdır. Uşaqlar sərbəst olmağı xoşlayırlar. Uşaq sərbəst olduğu halda öz potensialını, fantaziyasını, bacarığını rahat şəkildə həyata keçirə bilir. Bunun üçün uşağa imkan və şərait yaratmaq lazımdır. Uşaq həmişə adama çox sual verir. Çünki onlar çox şeydən xəbərsizdilər. Ona görə onların suallarını səbrlə dinləyib cavablandırmaq lazımdır. Uşaqla monoloq yox, dialoq olmaq lazımdır. Uşağın üstünə çığır-bağır edib, danlamağı və onların bacarıqsız olduğunu ifadə etmək onların psixologiyasına mənfi təsir edir. Uşaq psixologiyasına görə onlar tərif və qayğı ilə onlara yanaşmağı çox sevirlər. Düzdür, uşaqlara çox sərbəstlik verdiyimiz halda onlar bir yerdə dayanmayıb öz istədiklərini edib xoşagəlməz hadisələr törədib bizim səbrimizin də tükənməyinə səbəb ola bilərlər. Hərçənd ki, mən də müəllim kimi belə bir vəziyyətlə tez-tez rastlaşıram və bəzən əsəblərimə hakim ola bilməyib onları təzyiq altında sakit etməyə çalışıram. Amma sonra öz-özümə deyirəm ki, onsuzda evdə uşağa qaçma, danışma, onu eləmə, bunu eləmə deyib onları təzyiq altında saxlayıb hüquqlarını əllərindən alırlar. Küçəyə çıxırlar oynamağa, qonşuların biri deyir evdə xəstə var qışqırmayın, biri çıxır deyir gedin o yanda oynayın maşına toxunmayın. Məktəbə gedirlər həmin şey. Bircə qalır, idman zalı. Adam fikirləşir ki, daha burda da uşağa qadağa qoyub desən qaçma, oynama, çığırma – bəs onlar harada öz enerjilərini çıxarsınlar. Uşaqda olan həmin enerji əsasən «tullantı enerji» hesab olunur. Əgər həmin «tullantı enerji» uşaqdan xaric olmasa, el arasında deyildiyi kimi ya gedib kiminsə pəncərəsinə daş atacaq, ya da kiminsə uşağının başını vurub yaracaq. Ona görə uşaqdakı «enerji tullantı» hesab olunur və bu enerjini ancaq idmanda məqsədyönlü şəkildə çıxarmaq olar.

Əgər biz təzyiq altında uşağı sıxma-boğma etməklə həmin enerjinin çıxmasının qarşısını alsaq, uşaqda psixoloji pozğunluq yarana bilər. Bəlkə də siz də şahidi olmusunuz ki, bəzən böyüklər özlərini ictimaiyyətdə uşaq kimi aparırlar. İnanın ki, araşdırma aparsanız görərsiz ki, həmin adamlar yetərincə uşaqlıq mərhələsini keçməyiblər. Bəzən valideynlər uşağı məşqə gətirəndə deyir, bizi boğaza yığıb bu uşaq, evi-eşiyi dağıdır bunu adam eləmək lazımdır. Əslində bu normal haldır. Uşağı buna görə alçaltmaq olmaz. Valideyn əksinə sevinməlidir ki, onun uşağı aktivdir. Amma buna baxmayaraq, valideynlər böyük ümidlə idman müəlliminə pənah aparırlar. Ona görə də məşqçi-müəllimlər bu yükü çəkməkdə böyük iradə sərf edib səbrlə,təmkinlə,məsuliyyətlə onlara bəslənilən ümidləri doğrultmağa çalışmalıdırlar. Hərçənd ki, bu ağır yükün əvəzində məşqçi-müəllimlərin zəhmət haqqı çox aşağıdır. Bunu bir məşqçi-müəllim kimi deməsəydim həmkarlarım bəlkə də məndən inciyərdi. Müəllim uşaq üçün enerji mənbəyi, dayaq yeri olmalıdır. Müəllimin uşağa müraciət formasından da çox şey asılıdır. Bacardıqca onları xoşladığı formada səsləmək lazımdır. Misal olaraq, biri var deyəsən “filankəs”, “ay uşaq”, biri də var deyəsən “ağıllı bala”, ”şirin bala”, ”gözəl bala”, ”oğlum”, ”igid”, qəhraman obrazlı ləqəblər və s. Uşaqlara bu cür isti formada müraciət edəndə onlar öz üzərində olan həyacanı atmaqla yanaşı içlərində yeni ruhla bərabər həm müəllimə qarşı, həm də məşqə sevgi yaranır. Uşaqlarla daha çox obrazlı şəkildə, pozitiv mimikalarla ünsiyyət qurmaq lazımdır. Uşaqlar zarafatı, deyib-gülməyi, şənlənməyi, əylənməyi, oynamağı çox sevirlər. Ümumiyyətlə, mən həmişə çalışmışam ki, uşaqlar idmana məşq etmək düşüncəsi ilə yox, oynamaq adıyla gəlsinlər.

Mən özüm də dəfələrlə uşaqları test edib şahidi olmuşam ki, onlar güləş məşqi ilə bərabər futbol, basketbol, estafet və əyləncəli oyunları oynamağı da çox sevirlər. Çünki məşqin adı biraz ağırdır. Uşaqların əksəriyyəti bəzən mübarizədən çəkinirlər, hətta ağlayanlar da olur. Oynamağı isə hər kəs bacarır və sevir. Nəzərə alsaq ki, təkmübarizlik olan idman növlərində yıxıb-yıxılmaq,biri-birinə zərbə endirmək, güc sərf etmək var, bu da hər uşağa xoş gəlmir. Onsuzda uşaq oynaya-oynaya, zaman-zaman peşəkar idmanın nə olduğunu geci-tez başa düşəndə özü dərk edəcək məşqin məsuliyyətini. Uşaqlar çox səbrsiz olurlar. Çünki səbrin nə olduğunu heç başa düşməyirlər. Fikir versəz bir uşaq digər uşağın əlində bir oyuncaq, top və yaxud yeməli bir şeyi görəndə ağlayıb israrla ondan istəyir. Sən də uşağa deyirsən ki, ağlama sabah sənə ondan da yaxşısını alacağam. Amma uşağın buna səbri çatmır və öz israrından əl çəkmir. Çünki onlar daha çox reallığa inanır. Necə deyərlər, soğan olsun nəğd olsun. Uşaqlar uzaq görən olmayırlar. Onlar ali məqsədlər uğrunda yaşamırlar. Çünki onların savadı və dözümü buna imkan verməyir. Uşaqlar daha çox yaxında olana inanırlar. Əgər bir uşağa desən ki, məşq elə, əziyyət çək, sözə bax, deyiləni elə,onu elə,bunu elə dünya çempionu olacaqsan, səni rayon icra başçısı, hər hansı bir dövlət məmuru qəbul edəcək, sənə ev verəcəklər, maşın verəcəklər, vəzifə verəcəklər, inanın ki, bir gün çəkməyəcək bu sözlər uşağın yadından çıxacaq. Cəsarətlə deyə bilərəm ki, uşaqların 90 faizi heç rayonun icra başçısını və ya dövlət məmurunu tanımır. Bunu bilmək də əslində vacib deyil. Uşağı öz başa düşəcəyi dildə məşqə, uğura kökləmək lazımdır. Amma uşağa denən üzərində çalış məşqə davamiyyətli, nizam-intizamlı, nümunəvi tələbə ol, çox yox, çıx məktəb birincisi ol, şəkilini məktəbdə şərəf lövhəsinə vuracaqlar. İnanın ki, bu və bu kimi məqsədlərə çatmaq üçün uşaq istəklə çalışacaq.

Çünki, o düşünəcək ki, məktəbdə ən azı onu tanıyırlar, ən azı o məktəb direktorunu, sinif rəhbərini,müəllimlərini tanıyır və bu uğura görə ən azından seviləcək. Həm də yaxında olan uğuru əldə etmək uşaq üçün real görsənir və bu uğura köklənmək də asan olur. Düzdür, uşaq deyə bilər «mən pilot olacam», «həkim olacam», «sənət ulduzu» olacam və s. Bunu uşaq şüurlu şəkildə demir. Ona görə ki, uşaq görüntüyə vurulur. Çünki o hələ başa düşmür ki,bu məqsədlərə çatmaq üçün hansı yollardan, çətinliklərdən keçmək lazımdır. Düzdür, məşhur belə bir deyim var: ”General olmaq istəməyən əsgər, yaxşı əsgər də ola bilməz”. Nəzərə alaq ki, əsgərin şüuru kəsəndə bunu deyə bilər. Yenə deyirəm, hər şey şüurlu şəkildə olmalıdır. Onsuzda dəfələrlə şahidi olmuşuq ki, uşaq vaxtı böyüyəndə filan peşənin sahibi olacam deyənlər tam başqa bir peşənin sahibi olublar. Biri mən özüm. Prokuror olmaq istəyirdim, güləş müəllimi oldum. Adi bir sehrbazın göstərdiyi şou uşaqların marağına səbəb olur. Onlar üçün maraqlı deyil bu yalandı , ya həqiqət. Çünki yenə təkrar edirəm onlar gördüklərindən həzz alırlar. İndi hamıya məlumdur ki, “hörümçək adam” uşaqların qəhrəmanına çevrilib. Doğrusu mənə görə bu uşaq psixologiyasına zidd “qəhrəman” obrazıdır. Çünki uşaqları bu qədər də real həyatdan ayırmaq olmaz.

Onlar elə bilirlər ki, hündürmərtəbəli binadan aşağıya tullanmaq bu qədər asan və mümkündür. Bunu test edib həyata keçirmək istəyən uşaqları görsəm belə təəccüblənmərəm. Heç görmüsünüz hansısa bir uşaq özünü dahi Nizamiyə, Fizuliyə, yazıçıya, şairə və ya hər hansı bir alimə bənzədsin? Çünki belə dahilərin yaradıcılığı gözə görsənən həmin şou xarakterli obrazlı şəkildə deyil. Heç görmüsünüz uşaqlar hansısa ölkə prezidentinin adı yazılmış köynəyi əyninə geyinib onu özünə kumir seçsin? Halbuki, bu ən ali məqsədlərdən biridir. Amma uşaqlar adi bir futbolçunun köynəyini sevə-sevə geyinirlər. Çünki o futbolçunun etdikləri daha gözə görünən, şou xarakterli və cəlbedicidir. Mövzudan çox kənara çıxsam da yenə əsas mətləbə qayıdıb bildirmək istəyirəm ki, uşaqlar daha çox gördüklərinə, onları heyrətləndirəcək hadisələrə, yaxında olanlara inanırlar. Uşağın nöqsanını kollektiv içində deyib onu pərt etmək olmaz. Bunu təklikdə başına sığal çəkib demək daha məqsədəuyğun olardı. Misal üçün mən özüm bir uşağın idman geyiminin səliqəsiz olduğunu və ya dırnaqlarının uzanmasını gördükdə onu islah etmək üçün sıra qarşısında nöqsanını deyib pərt etmək əvəzinə başqa bir uşağı sırada hamıya nümunə çəkib hətta uşağın anasının da uşağın təmizliyində səbəbkar olduğunu dilə gətirirəm.

Artıq həmin uşaq bu jesti yavaş – yavaş özünə aid edəcək. Müəllimin sıra qarşısında mülki geyimdə, əli cibində, telefonla danışması və bu kimi qeyri – etik davranışları da uşaqlara və özünə qarşı hörmətsizlikdir. Özünə peşəkar yanaşmayan məşqçi-müəllimə qarşı tərəf də hörmətlə yanaşmayacaq. Diqqət! Yuxarıda bəhs etdiyimiz uşaqla davranış qaydaları yalnız idmana ilk qədəm qoyan və aşağı yaş qrupuna aid olan uşaqlarla çalışan məşqçi-müəllimlərə aiddir. Misal üçün, 13-14 yaşından yuxarı qalxdıqca idmançılarla işləyən məşqçi-müəllimlər qısa desək öz ciddiliyini, tələbkarlığını artırıb necə deyərlər pərdəni yavaş – yavaş bağlamalıdırlar. Böyük yaş qrupları ilə davranış qaydaları isə tamam başqa bir mövzunu əhatə edir.

Ramin Allahverdi, Əməkdar məşqçi

Həmin kateqoriyadan