Hacı Əliyev: “Qələbələrin hamısı böyük zəhmətin bəhrəsidir”

Allsport.az xəbər verir ki, Xorvatiyada keçirilən Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.

Zaqrebdə 2 qızıl, 2 gümüş və 2 bürünc medalla 150 xal toplayaraq ardıcıl 2-ci, ümumilikdə 4-cü dəfə Avropa çempionu olan yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşğuyla qarşılanıb. Qarşılanma mərasimində gənclər və idman nazirliyinin, Azərbaycan güləş federasiyasının rəsmiləri, məşqçilər, güləşçilər və idmançıların yaxınları iştirak edib.

Müsahibə zamanı 4 qat Avropa çempionu Hacı Əliyev belə deyib:

“Son 4 ildə Avropa çempionu ola bilməmişdim. Bu medal üçün çox əziyyət çəkdim. Qələbələrin hamısı böyük zəhmətin bəhrəsidir. Güləş tariximizdə belə nailiyyət olmamışdı. Şükürlər olsun ki, bu tarixi yaza bildim. Qarşıda dünya çempionatı var.

Məşqçilərlə belə qərara gəldik ki, Avropa çempionatında 65 kq-da güləşməyim, əsas gücümü mundiala saxlayım. Orada həm çempion olmaq, həm də Paris olimpiadasına vəsiqə qazanmaq istəyirəm. Olimpiya Oyunlarından sonra isə idmanla vidalaşacağam”.

Zaqrebdə Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.

Həmin kateqoriyadan